Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 17 iyul 2023-cü il tarixindən 31 iyul 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.
L.Tolstoy və M.Muxtarov küçələri üzrə həyətin səki daşları qurulmaqla asfaltlanması işlərinə start verilib. Bu istiqamətdə L.Tolstoy küçəsi səmtində qrunt xüsusi texnika ilə kipləşdirildikdən sonra meydançadaxili yolların və səkilərin səviyyələri müəyyənləşdirilmiş, yolun 4 müxtəlif hissəsində yağış sularının qəbulu üçün drenaj quyuları quraşdırılmış və quyular PVC borular vasitəsilə əlaqələndirilərək qapalı drenaj xəttinin mövcud quyularına birləşdirilmişdir. Hal-hazırda isə yığma dəmir-beton səkilərin qurulması işləri görülməkdədir. M.Muxtarov küçəsi səmtində ümumi uzunluğu 50 pm, hündürlüyü isə yol səviyyəsinə uyğun olaraq 0.30m÷0.80m arasında dəyişən monolit dəmir-beton divarlar (bortlar) B25 marka beton ilə betonlanmışdır.
Abadlıq işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində su anbarları üzərində yaradılacaq istirahət meydançasının döşəməsinin ağlay daşı ilə üzlənməsi başa çatmaq üzrədir.
Qeyri-yaşayış sahələrində alüminium vitrajların çərçivələrinin quraşdırılması və şüşələnməsi başa çatdırılmışdır. Bundan başqa -1 mərtəbəsində qeyri-yaşayış sahələrinə 4 ədəd 2.00x4.35(h) m ölçüdə alüminium giriş qapısı quraşdırılmışdır.
Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin divarlarında boya hazırlıq işləri davam etdirilmişdir. Həmçinin -3 qaraj mərtəbəsində döşəmənin qurulması üzrə işlər davam etdirilmişdir. Bu istiqamətdə 3-cü blokda döşəməyə metal tordan karkas quraşdırılaraq B25 marka betonla betonlanmış və xüsusi texnika ilə döşəmə cilalanmışdır.
Binanın qaraj mərtəbələrində avtomatik yanğınsöndürən sprinklerlərin quraşdırılması başa çatdırılmış, -3 qaraj mərtəbəsində 3 ədəd yanğınsöndürmə paneli quraşdırılmışdır.
Elektrik işləri çərçivəsində -3 qaraj mərtəbəsinin işıqlandırılması üçün 100x40 mm ölçüdə sinklənmiş kabel tavalarının və 100Wt led plafonların quraşdırılması davam etdirilmişdir. 2-ci blokda 45 kVa gücündə elektrik nizamlayıcı və binanın damında ildırımötrücü sistemi quraşdırılmışdır.