“Azərbaycan Sənaye Korporasiyası” ASC alüminium sənayesində yerli xammallardan istifadənin araşdırılması istiqamətində növbəti mərhələyə keçir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qarşısında qoyulan əsas tapşırıqlardan biri də alüminium sənayesinin yerli xammal və materiallarla təchizatının təmin edilməsi və idxaldan asılılığını azaltmaq məqsədilə tədqiqatların aparılması, yeni texnologiyaların araşdırılması, sınaqların təşkili və bu kimi digər işlərin həyata keçirilməsidir. Bu məqsədlə Daşkəsən rayonunda yerləşən Zəylik alunit mədənində mineral resursların araşdırılması, miqdarının qiymətləndirilməsi, müasir zənginləşdirmə texnologiyasından istifadə etməklə mədənin işlənməsi istiqamətində işlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, layihəsinin 1-ci fazasında nəzərdə tutulan alunit resurslarının həcminin təsdiqlənməsi və ərazi üzrə paylanmasının müəyyənləşdirilməsi işləri “JORC” standartına uyğun olaraq “Micon International Co. Limited” şirkəti tərəfindən yekunlaşdıqdan sonra növbəti fazanın icrasına başlanılması qərara alınmışdır.

Alunit filizinin zənginləşdirilməsi, metallurji-kimyəvi emal metodlarının laboratoriya araşdırılması və pilot sınaqlarının aparılması işlərinin həyata keçirilməsi üçün tender keçirilmişdir. Tenderdə qeyd olunan sahələr üzrə beynəlxalq səviyyədə tanınmış bir çox şirkət iştirak etmişdir. Qiymətləndirmənin nəticəsi olaraq isə həm təklif olunan qiymət, həm də zəngin təcrübə baxımından “Worley” şirkəti qalib seçilmiş və müqavilə imzalanmışdır.

Qeyd etmək istərdik ki, “Worley” qlobal səviyyədə təcrübəli şəxslərdən ibarət heyətlə layihələrin idarə edilməsi, mühəndislik və konsaltinq xidmətləri təklif edir. Şirkət gil-torpaq istehsalında boksit olmayan və ya aşağı dərəcəli boksit filizlərinin istifadəsi üzrə xüsusi təcrübəyə malikdir. “Worley” Avstraliyanın Brisben şəhərində alüminium oksidi və boksit üzrə, Celonq şəhərində isə alüminium üzrə mükəmməllik mərkəzlərinə malikdir. Şirkət qlobal miqyasda - Braziliya, Qvineya, Avstraliya və bir çox yerlərdə boksit layihələri və tədqiqatları həyata keçirmişdir. Şirkət Kanada və Avstraliyada yerləşən alunit yataqları üzrə təcrübəli ekspertlərə malikdir. “Worley” müştərilərə ən optimal texniki və kommersiya həllərini təqdim etmək üçün bir sıra texniki laboratoriyalar və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir.

Trend

Fotolent

Yeni xəbərlər