24-26 iyun tarixlərində Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi çərçivəsində dövlət qurumlarının səlahiyyətli nümayəndələri, həmçinin müxtəlif sferalardan olan sahibkarların iştirakı ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkədə investisiya imkanları, azad iqtisadi zonalar haqqında məlumat verilib.
Tədbir çərçivəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndə heyəti ilə Misirin aparıcı şirkətlərindən olan “Metallurgical İndustires Holding”-in rəhbərliyi arasında alüminium istehsalı, neft koksunun kalsinasiyası və anod istehsalına dair məlumat mübadiləsi aparılıb, əməkdaşlıq aspektləri müzakirə edilib.
Bundan əlavə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndə heyəti “Egypt Anode” şirkətinin anod istehsalı zavoduna səfər edib. Səfər çərçivəsində əməkdaşlara mövcud infrastruktur, istehsal prosesi, texniki imkanlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verilib.
Səfərin sonunda şirkətlər arasında müzakirələrin davam etdirilməsinə dair razılaşma əldə olunub.