Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 12 iyun 2023-cü il tarixindən 03 iyul 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.
Qaraj mərtəbələrinin L.Tolstoy və M.Muxtarov küçələri istiqamətində xarici divarlarının izoliyasiyası işləri çərçivəsində xarici divarlar bitum məhlulu ilə ikiqat sürtüldükdən sonra üzəri “+” qaydası tətbiq olunmaqla ruberoid ilə ikiqat izoliyasiya edilmişdir. Paralel olaraq izoliyasiya qatının mühafizə olunması məqsədi ilə içiboşluqlu kərpicdən 10 sm qalınlığında hörgü işi başa çatdırılmışdır. Bundan başqa, L.Tolstoy və M.Muxtarov küçələri üzrə qapalı drenaj xəttinin çəkilişi məqsədilə qazılmış çala hər 20 santimetrdən bir sıxılaşdırılmaqla qruntla əks doldurulur.
Su anbarlarına paralel xarici yanğına qarşı Ø2000 mm-lik dəmir-beton “yaş quyu”nun və siyirtmələr kamerasının tikinti işləri başa çatdırılmışdır.
Havalandırma işləri çərçivəsində -3 qaraj mərtəbəsində sinklənmiş metaldan hava kanallarının quraşdırılması başa çatdırılmışdır.
Binanın -3 qaraj mərtəbəsində avtomatik yanğınsöndürmə sistemlərinin (sprinkler sistemi) qurulması üzrə Ø25, Ø32 və Ø108 mm metal boruların quraşdırılması başa çatdırılmış, -2 qaraj mərtəbəsində 250 ədəd sprinkler və 3 ədəd yanğın nəzarət paneli quraşdırılmışdır.
-1 və 1-ci mərtəbələrdə siqnalizasiya işləri çərçivəsində qeyri-yaşayış sahələrinin tavanlarında odadavamlı yanğın kabelləri və tüstüxəbərverici dedektorlar quraşdırılmışdır.
1-ci mərtəbədəki qeyri-yaşayış sahəsinin təbii işıqlandırılmasını yaxşılaşdırmaq (insolyasiya normalarına uyğunlaşdırmaq) məqsədi ilə kəsilib genişləndirilən pəncərələrin yamac, sinəliklər və karnizlərinin “ağlay” daşı ilə üzlənməsi işləri yerinə yetirilir. Bundan başqa, quraşdırılan vitrajlardan 4 ədədi şüşələnmiş, 2 ədədinin açılıb-bağlanan xəfəngləri quraşdırılmışdır.
Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin divarlarında boya hazırlıq işləri davam etdirilmişdir.
Yaşayış mərtəbələrində 2-ci blokda fövqəladə hallar zamanı təxliyə məqsədilə 1400x2100 mm ölçüdə 15 ədəd xüsusi çıxış qapısı quraşdırılmışdır. 10-cu mərtəbələrdə yerləşən10 ədəd tağvari lociyalarda h=1000 mm hündürlüyündə düralüminium məhəccər quraşdırılmışdır.
-1,-2 və 1-ci mərtəbələrin texniki otaqlarında hər bir mərtəbədə 2 ədəd olmaqla cəmi 6 ədəd metal giriş qapısı quraşdırılmışdır.
Abadlıq işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində su anbarları üzərində yaradılacaq istirahət meydançasının dəmir-beton döşəməsi bitum məhlulu ilə ikiqat sürtüldükdən sonra üzəri “+” qaydası tətbiq olunmaqla ruberoid ilə ikiqat izoliyasiya olunmuş, izoliyasiyanın üzəri isə h=30 mm qalınlığında qoruyucu sement-qum məhlulu ilə örtülməkdədir.