“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

    Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən  tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət  "EL Construct" MMC tərəfindən  31 may 2023-cü il tarixindən 12 iyun 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.

    L.Tolstoy və M.Muxtarov küçələri tərəfdən yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün binaətrafı drenaj xəttinin üzərində diametri Ø1000 mm olan dəmir-beton halqalardan 3 ədəd drenaj quyusunun quraşdırılması davam etdirilir. Bundan əlavə, mənsəbdə quraşdırılan səviyyəcə aşağı drenaj quyusunda yığılan qrunt sularının kanalizasiya şəbəkəsinə vurulması üçün biri işlək, digəri ehtiyat olmaqla 2 ədəd drenaj nasosu quraşdırılmışdır.

    Qaraj mərtəbələrinin L.Tolstoy və M.Muxtarov küçələri istiqamətində xarici divarlarının izoliyasiyası işləri çərçivəsində isə xarici divarlar bitum məhlulu ilə ikiqat sürtüldükdən sonra onun da üzəri “+” qaydası tətbiq olunmaqla ruberoid ilə ikiqat izoliyasiya edilir. Paralel olaraq izoliyasiya qatının mühafizə olunması məqsədi ilə içiboşluqlu kərpicdən 10 sm qalınlığında hörgü işi görülür. Bundan əlavə, L.Tolstoy və M.Muxtarov küçələri üzrə drenaj xəttinin çəkilişi məqsədilə qazılmış çala hər 20 santimetrdən bir sıxılaşdırılmaqla qruntla əks doldurulur.

     Su anbarlarına paralel tikiləcək xarici yanğına qarşı Ø2000 mm-lik dairəvi dəmir-beton “yaş quyu”nun və siyirtmələr kamerasının tikinti işləri çərçivəsində Ø159 mm metal borular və 2 ədəd Ø159 mm siyirtmə quraşdırılmış, siyirtmələr kamerasının dəmir-beton özül plitəsi üzərində dəmir-beton sütunların armaturlanması, mişar daşı ilə 40 sm enində divarların hörülməsi və sement-qum məhlulu ilə suvanması işləri görülür. Həmçinin, “yaş quyu”nun dəmir-beton alt tavası armaturlanaraq B25 marka beton ilə betonlanmışdır.

     Havalandırma işləri çərçivəsində -3 qaraj mərtəbəsində sinklənmiş metaldan hava kanallarının quraşdırılması davam etdirilir.

     Binanın -3 qaraj mərtəbəsində avtomatik yanğınsöndürmə sistemlərinin (sprinkler sistemi) qurulması üzrə Ø25 və Ø32 mm metal boruların quraşdırılması işi görülür.

     1-ci mərtəbədəki qeyri-yaşayış sahəsinin işıqlandırılmasını yaxşılaşdırmaq (insolyasiya normalarına uyğunlaşdırmaq) məqsədi ilə tağvari pəncərələrdən sonuncu 2 ədədi kəsilib genişləndirilmişdir. Hal-hazırda isə kəsilib genişləndirilən pəncərələrin yamac, sinəliklərinin və karnizlərinin “ağlay” daşı ilə üzlənməsi işləri yerinə yetirilir. Bundan əlavə, pəncərələrdən birinə 2.05x3.00(h) m ölçüdə alüminium vitraj quraşdırılmışdır.

     Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin divarlarında və 3-cü blokun L.Tolstoy küçəsi istiqamətində yaşayış mərtəbələrinin lociyalarının divarları “ağlay” rəngli fasad emulsiyası ilə ikiqat boyanmışdır.

     Yaşayış mərtəbələrində 1-ci blokda fövqəladə hallar zamanı təxliyə məqsədilə 1400x2100 mm ölçüdə 22 ədəd xüsusi çıxış qapısı quraşdırılmışdır.

     -3 qaraj mərtəbəsində döşəmənin qurulması məqsədilə mərtəbəyə yığılmış inşaat zibili xüsusi texnikalar vasitəsi ilə tikinti meydançasından çıxarılmışdır.

     

Fotolent

Yeni xəbərlər