“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

      Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən  tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət  "EL Construct" MMC tərəfindən  15 may 2023-cü il tarixindən 30 may 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.

     Abadlaşdırma işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində su anbarlarının üzərində yaradılacaq istirahət meydançasının dəmir-beton istinad divarlarının üzəri  3x25x75 sm ölçülərində “ağlay” daşı ilə üzlənmişdir.

    M.Muxtarov küçəsi tərəfdən yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün Ø315 mm polimer borulardan 23 metr uzunluğunda drenaj xətti çəkilmiş, bununla da binaətrafı drenaj sisteminin quraşdırılması tam başa çatdırılmışdır. Drenaj xəttinin çəkilişindən sonra isə diametri Ø1000 mm olan dəmir-beton halqalardan 3 ədəd drenaj quyusunun quraşdırılmasına başlanılmışdır.

      L.Tolstoy və M.Muxtarov küçələri səmtində qaraj mərtəbələrinin xarici divarlarının sement-qum məhlulu ilə suvanması, üzərinin izoliyasiyası işləri çərçivəsində isə xarici divarlar bitum məhlulu ilə ikiqat sürtüldükdən sonra onun da üzəri “+” qaydası tətbiq olunmaqla ruberoid ilə ikiqat izoliyasiya edilir. Paralel olaraq izoliyasiya qatının mühafizə olunması məqsədi ilə içiboşluqlu kərpicdən 10 sm qalınlığında hörgü işi görülür. Bundan başqa, L.Tolstoy və M.Muxtarov küçələri üzrə drenaj xəttinin çəkilişi məqsədilə qazılmış çala hər 20 santimetrdən bir sıxılaşdırılmaqla qruntla əks doldurulur.

     Su anbarlarına paralel tikiləcək xarici yanğına qarşı Ø2000 mm-lik dairəvi dəmir-beton “yaş quyu”nun və siyirtmələr kamerasının tikinti işləri çərçivəsində qaya qruntu tamamilə dağıdılaraq iri tutumlu avtomobillərlə ərazidən daşınmış, siyirtmələr kamerasının dəmir-beton özül plitəsi qurulmuşdur.

     Havalandırma işləri çərçivəsində 1-ci və 2-ci blokların hüdudlarında L.Tolstoy küçəsi səmtində paralel surətdə mişar daşı ilə 40 sm enində, 8 metr hündürlüyündə qaraj mərtəbələrinin 3 ədəd havasovurma şaxtasının inşası və çöl səthlərinin izoliyasiyası davam etdirilir. Eyni zamanda, -3 qaraj mərtəbəsində sinklənmiş metaldan hava kanalları quraşdırılır.

     Binanın -3 qaraj mərtəbəsində avtomatik yanğınsöndürmə sistemlərinin (sprinkler sistemi) qurulması üzrə Ø25, Ø32 və Ø108 mm metal boruların quraşdırılması işi görülür.

     -2  qaraj mərtəbəsində döşəmənin qurulması üzrə 3-cü blokda 525 m2 sahəyə M350 markalı beton verilmiş, döşəmənin üst səthi eboksit boyanın vurulması üçün xüsusi avadanlıq vasitəsilə cilalanaraq hazır vəziyyətə gətirilmiş və bütün mərtəbə temperatur tikişlərlə ayrı-ayrı seksiyalara bölünmüşdür.

     Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin tavanlarında və 3-cü blokun yaşayış mərtəbələrinin lociyalarında boya hazırlıq işləri görülür.

     Binanın 6-10-cu mərtəbələrinin M.Muxtarov küçəsi tərəfdən tinlərində mənzillərin lociyalarının PVC pəncərə profillərinin quraşdırılması və şüşələnməsi başa çatdırılmışdır.

Fotolent

Yeni xəbərlər