Alüminium istehsalı sahəsinə xarici investisiyaların cəlb edilməsi diqqət mərkəzindədir

Mayın 23-də Rumıniyanın paytaxtı  Buxarest  şəhərində  Rumıniya və Azərbaycan Respublikası hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilmişdir. İclasda iştirak etmək üçün ölkəmizdən olan nümayəndə heyətinə Rumıniyada səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, komissiyanın həmsədri Sahil Babayev başçılıq etmişdir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan, respublikamızın yerli ixracatçı şirkətləri arasında Cənubi Qafqazın ən iri alüminium istehsalçısı sayılan “Azəralüminium” MMC-nin  direktoru Maksim Cavadov da Müştərək Komissiyanın 7-ci iclasında iştirak etmişdir. 

Tədbir çərçivəsində ölkəmizdə ilkin alüminium istehsalı üzrə xammala olan tələbat, bu sahədə ölkədaxili xammal ehtiyatlarından səmərəli istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə bir sıra aparıcı Avropa şirkətləri ilə görüşlər keçirilmişdir. Müştərək Komissiyanın iclasında qeyd olunan istiqamətdə texniki və iqtisadi potensialın genişləndirilməsi üzrə səylərin birləşdirilməsi məqsədilə Avropanın ən iri alüminium istehsalçılarından biri hesab olunan  “Alro” S.A. şirkəti  ilə  “Azəralüminium” MMC-nin rəhbərliyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Qeyd olunmalıdır ki, bu əməkdaşlığın ölkəmizin alüminium istehsalı potensialının genişləndirilməsi və dünya bazarında öz mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Daha sonra iclas çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes forumu keçirilmişdir. Forumda  Azərbaycan  tərəfindən 14, Rumıniya tərəfindən 25 qurum və şirkət iştirak etmiş, ötən dövrdə Bakıda və Buxarestdə biznes forum və işgüzar görüşlərin keçirildiyi, bu tədbirlərin iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyət daşıdığı  vurğulanmışdır.

 

Fotolent

Yeni xəbərlər