25 may 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin rəhbərliyi ilə Almaniyanın “AKA European Export- Trade Bank”ının nümayəndə heyəti arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair işgüzar görüş keçirilib. Görüşdə “AKA European Export - Trade Bank”ının Baş direktoru, həmçinin bankın maliyyə və ixrac agentliyinin vitse-prezidenti də iştirak etmişdir.
Görüş zamanı ölkəmizdə qeyri-neft sektorunun həcminin artırılması istiqamətində Korporasiya tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verilmiş, qeyd olunan layihələrin maliyyələşmə imkanlarının genişləndirilməsi və perspektivləri kimi məsələlər müzakirə olunmuşdur.
Bununla yanaşı, “AKA European Export - Trade Bank”ının nümayəndə heyəti tərəfindən bankın yaranma tarixi, fəaliyyət istiqamətləri və strategiyalarından bəhs edən təqdimat keçirilmişdir. Görüşdə 70 ildən artıq ixracın maliyyələşdirilməsi üzrə ixtisaslaşan “AKA European Export- Trade Bank” tərəfindən öz biznes tərəfdaşlarına beynəlxalq ticarətin maliyyələşdirilməsi əməliyyatlarının təşkili və idarə edilməsində optimal dəstək təklif etdiyi bildirilmişdir.
Görüşün sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC və “AKA European Export- Trade Bank”ının əməkdaşları arasında birgə müzakirələrin davam etdirilməsi razılaşdırılmışdır.