Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 01-15 may 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.
Aparılan abadlaşdırma işləri çərçivəsində L.Tolstoy küçəsi səmtində su anbarlarının üzərində yaradılacaq istirahət meydançasının döşəməsi bitum məhlulu ilə izoliyasiya olunmuşdur.
M.Muxtarov küçəsi tərəfdən yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün drenaj xəttinin qalan 23 metrlik hissəsinin və dəmir-beton drenaj quyularının quraşdırılması üçün xüsusi texnika vasitəsi ilə qruntun qazılıb daşınması işi görülür.
L.Tolstoy küçəsi səmtində qaraj mərtəbələrinin xarici divarlarının sement-qum məhlulu ilə suvanması, üzərinin izoliyasiyası işləri çərçivəsində isə xarici divarlar bitum məhlulu ilə ikiqat sürtüldükdən sonra onun da üzəri “+” qaydası tətbiq olunmaqla ruberoid ilə ikiqat izoliyasiya edilir. Paralel olaraq izoliyasiya qatının mühafizə olunması məqsədi ilə içiboşluqlu kərpicdən 10 sm qalınlığında hörgü işi görülür. Bundan başqa, L.Tolstoy küçəsi üzrə 52 metrlik drenaj xəttinin çəkilişi zamanı qazılmış çala sıxlaşdırılmaqla qruntla əks doldurulur.
Su anbarlarına paralel tikiləcək xarici yanğına qarşı Ø2000 mm-lik dairəvi dəmir-beton “yaş quyu”nun və siyirtmələr kamerasının tikinti işləri çərçivəsində qaya qruntunun 90 faizi xüsusi texnika ilə dağıdılıb ərazidən daşınmışdır.
Havalandırma işləri çərçivəsində 1-ci və 2-ci blokun hüdudlarında L.Tolstoy küçəsi səmtində paralel surətdə mişar daşı ilə 40 sm enində, 8 metr hündürlüyündə qaraj mərtəbələrinin 2 ədəd havasovurma şaxtasının inşası davam etdirilir. Qaraj və qeyri-yaşayış mərtəbələrinin şaxtalarında tüstü xaricedici damperlər quraşdırılıb.
Binanın -3 qaraj mərtəbəsində Dövlət Ekspertizasının rəyi verilmiş yeni layihəyə uyğun avtomatik yanğınsöndürmə sistemlərinin (sprinkler sistemi) quraşdırılması üzrə Ø25 və Ø32 mm metal borular hazır vəziyyətə gətirilmişdir.
-2 qaraj mərtəbəsində döşəmənin qurulması üzrə 1 və 2-ci bloklarda ümumilikdə 1004 m2 sahəyə M350 beton verilmiş və döşəmələrin üst səthi eboksit boyanın vurulması üçün cilalanaraq hazır vəziyyətə gətirilmişdir.
Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin tavanlarında və 3-cü blokun yaşayış mərtəbələrində lociyalarda boya hazırlıq işləri görülür.
Yaşayış mərtəbələrində fövqəladə hallar zamanı təxliyə məqsədilə 1400x2100 mm ölçüdə xüsusi çıxış qapılarının quraşdırılmasına başlanılıb.