28 aprel 2023-cü il tarixində Belqrad şəhərində Azərbaycan və Serbiya respublikaları arasında ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Serbiya-Azərbaycan Biznes Forumu keçirilib. Tədbirdə sənaye, tikinti, turizm, təhsil, İKT, kənd təsərrüfatı, əczaçılıq sahələrini təmsil edən şirkətlərin nümayəndələri, o cümlədən hər iki ölkənin rəsmiləri iştirak ediblər. Forumda müvafiq strukturlar və işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin gedişatına dair çıxışlar olub. Tədbir çərçivəsində Azərbaycan və Serbiyanın investisiya mühiti, o cümlədən həmin ölkələrdə həyata keçirilən perspektiv layihələr haqqında təqdimatlar və Qarabağda aparılan bərpa işlərindən bəhs edən videoçarx nümayiş edilib. Sözügedən forumda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Şirəlizadə də iştirak edib. Korporasiyanın nümayəndəsi B2B görüşlərdə iştirak edərək, əməkdaşlıqların genişlənməsi və yeni əlaqələrin qurulması ilə bağlı danışıqlara qatılıb.