“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Samux rayonunda yerləşən Bəhrə Ağır Atletika klubunda olub. Baş direktor Korporasiyanın törəmə Cəmiyyəti olan “Azərpambıq ASK” MMC-nin təşəbbüsü və dəstəyi ilə yenidən təmir edilib istifadəyə verilmiş klubdakı mövcud şərait ilə tanış olub.
Korporasiyanın rəhbərinə bildirilib ki, hazırda burada 40-a yaxın yeniyetmə və gənc idmançı məşq edir. Onlar arasında artıq ölkə çempionatlarında iştirak edərək, birincilik qazananlar da var.
Ölkəmizdə idmana olan dövlət qayğısından, idman və bədən tərbiyəsinin inkişafından danışan Kamran Nəbizadə qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.
Yeniyetmə və gənc idmançıların məşq prosesini izləyən Baş direktor onlara gələcək idman yarışlarında qələbələr arzu edib.
Sonda klubun müəllim heyəti və gənc idmançılar ilə xatirə fotoları çəkilib.