“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

     Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən  tikintisi başa çatmamış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət  "EL Construct" MMC tərəfindən  01 fevral 2023-cü il tarixindən 27 fevral 2023-cü il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri davam etdirilmişdir.

     Abadlaşdırma işləri çərçivəsində Zərgərpalan küçəsi səmtində 34 metrlik dəmir-beton səddin iç səthi bitum məhlulu ilə izoliyasiya olunmuş, asfalt örtüyünün çəkilməsi üçün yol səviyyəsindən hündür hissələrdəki qaya qruntu pnevmatik çəkiclə dağıdılmışdır. L.Tolstoy küçəsi səmtində isə  həyətin abadlaşdırılması işləri çərçivəsində nasosxananın üzəri və su anbarlarının çöl səthi ümumilikdə 37 m3 torpaqla əks doldurulmuşdur. Eyni zamanda L.Tolstoy küçəsi boyu inşa olunmuş 32 metrlik paralel dəmir-beton səddin, həmçinin həyətdə inşa olunmuş istinad divarlarının boyadan öncə mata məhlulu ilə boya hazırlıq işləri görülməkdədir.

     L.Tolstoy küçəsi tərəfdən 2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan 52 metrlik drenaj xəttinin quraşdırılması işləri davam etdirilir. Bunun  üçün fasiləsiz axan yeraltı təzyiqli qrunt suları nasoslarla ərazidən kənarlaşdırılaraq, boruların qırmadaş ovuntularından alt zəmin qatı qurulmuşdur. Zəmin üzərində şahmat qaydası ilə  Ø18 mm ölçüsündə dəliklər açılaraq səthi sintetik torlarla örtülən növbəti 6 pm uzunluğunda Ø315 mm ölçüdə polimer boruları səviyyələri nivelir cihazı ilə müəyyənləşdirilərək maili quraşdırılmışdır. Bundan sonra boruların üzəri müvafiq olaraq aşağıdan yuxarıya doğru 15-20 mm, 5-10 mm və 1-2 mm ölçüsündə 3 müxtəlif dənəvərliyə malik, qatın  hər biri 20 sm hündürlüyündə, 100 sm enində çınqıl daşı ilə örtülmüşdür. Boruların hər iki yan səthi isə dənəvərliyi 15-20 mm arasında dəyişən 35 sm enində çınqıl daşı ilə örtülmüşdür. Ümumilikdə 52 metrlik drenaj xəttinin 45 metri layihəyə uyğun çəkilərək tamamlanmışdır.                                                                       

     Eyni zamanda, L.Tolstoy küçəsi səmtində qaraj mərtəbələrinin çöl səthinin izoliyasiyası işləri çərçivəsində xarici divarlar bitum məhlulu ilə ikiqat sürtüldükdən sonra üzəri “+” qaydası tətbiq olunmaqla ruberoid ilə ikiqat izoliyasiya olunmaqdadır. Bununla paralel olaraq izoliyasiya qatının qorunması məqsədi ilə tikinti meydançasına 8*18*18 sm ölçülərində 10.000 ədəd kərpic alınıb gətirilmiş, hal-hazırda da 8 sm enində qoruyucu kərpic hörgü işi görülməkdədir. Havalandırma işləri çərçivəsində 1-ci və 2-ci blokun hüdudlarında L.Tolstoy küçəsi səmtində paralel surətdə mişar daşı ilə 40 sm enində, 12 metr hündürlüyündə qaraj mərtəbələrinin 2 ədəd havasovurma şaxtası inşa olunmaqdadır.  

     Məhəllədaxili avtomobil yolunun nasosxana üzərindən keçən hissəsində nasosxananın dəmir-beton örtük tavasının üzərinin izoliyasiya işlərinin son mərhələsi olan ikiqat ruberoiddən izoliyasiya üzərinə 50 mm qalınlığında qoruyucu beton qatı verilmiş, onun da üzəri 10-20 sm qalınlığında qruntla örtülmüşdür.

     Binadaxili görülən işlərdən -2 səviyyəsində qaraj mərtəbəsinin divar və tavanların emulsiya məhlulu ilə ikiqat boyanması tamamlanmışdır. Eyni zamanda, həmin səviyyədə qaraj mərtəbəsinin döşəməsinə asfalt örtüyünün çəkilməsinə hazırlıq işləri çərçivəsində dəmir-beton konstruksiyaların köhnədən qalmış taxta qəlibləri sökülüb çıxarılmışdır.

    

Fotolent

Yeni xəbərlər