“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin Maliyyə hesabatları şöbəsinin müdiri Aynur Kərimova maliyyə və investisiyalar üzrə dünyanın ən nüfuzlu sertifikasiyası hesab edilən CFA (Chartered Financial Analyst) proqramının 1-ci səviyyəsindən uğurlu nəticə əldə etmişdir.
CFA proqramı Amerika Birləşmiş Ştatlarında yerləşən CFA İnstitutu tərəfindən investorlar və maliyyə mütəxəssislərinə təklif edilən maliyyə və investisiya proqramıdır. Proqram bir-birindən çətinliyi ilə fərqlənən 3 səviyyədən ibarətdir. Belə ki, son illərdə dünya üzrə 1-ci səviyyə imtahanında iştirak edən namizədlərin kifayət qədər məhdud hissəsinin uğurlu nəticə əldə bilməsi mümkün olmuşdur.
1-ci səviyyə Etika və peşəkar standartlar, Kəmiyyət üsulları, Ekonomiks, Maliyyə hesabatı və təhlili, Korporativ maliyyə, Səhm investisiyaları, Sabit gəlirlər, Törəmə maliyyə alətləri, Alternativ investisiyalar, Portfel idarəetməsi və planlaması mövzularından ibarətdir.
Qeyd olunan mövzular üzrə əldə olunan biliklər maliyyə uçotu və təhlili, iri şirkətlərin investisiya portfelinin idarəedilməsi, şirkətlərin maliyyə dayanıqlılığının qiymətləndirilməsi, investisiyaların maliyyə idarəetməsinin təşkili, maliyyə risklərinin müəyyənləşdirilməsi, maliyyə modellərinin qurulması və təhlillərin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.