“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin əməkdaşı Günay Şirəlizadə “Layihələrin İdarə Edilməsi” (PMP) sertifikasiya imtahanından uğurla keçərək, qlobal səviyyədə tanınan “Layihələrin İdarəedilməsi Mütəxəssisi” statusuna və həmin statusu təsdiqləyən sertifikata layiq görülüb. Sertifikasiya imtahanı Amerika Birləşmiş Ştatlarında yerləşən və layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların hazırlanmasında ən böyük və nüfuzlu qurum olan “Layihə İdarəetmə İnstitutu” (Project Management Institute) tərəfindən təşkil olunub.
Qeyd olunan sertifikat üzrə əldə olunan biliklər layihələrin peşəkar səviyyədə və beynəlxalq təcrübəyə əsasən idarə olunması, kommunikasiya mexanizmlərinin qurulması, layihə müddətində yaranmış risklərin idarə edilməsi, keyfiyyətə nəzarət, resursların effektli şəkildə istifadəsi baxımından əhəmiyyət daşıyır.