Beynəlxalq standartlara cavab verən maliyyə idarəetməsinin tətbiqi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin inkişaf strategiyasına daxil olan hədəflərdəndir. Bu məqsəd ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin maliyyə strukturlarında çalışan əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi çərçivəsində Azərbaycan Bank Tədris Mərkəzi ilə bağlanmış müqaviləyə əsasən “Büdcə Planlaşdırılması” mövzusunda təlim keçirilmişdir. Təlimdə Korporasiya və onun törəmə müəssisələrinin maliyyə-mühasibat strukturlarında çalışan 20-yə yaxın əməkdaş iştirak etmişdir.
Təlim proqramına əsasən “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində büdcə planlaşdırılmasının, eləcə də Cəmiyyətin büdcə modelinin qurulmasının nəzəri və praktiki tərəfləri tədris edilmiş, eyni zamanda nümunə müəssisə üzərindən büdcənin hazırlanması üzrə praktiki məşğələ keçirilmişdir.
Təlim çərçivəsində tədris mərkəzinin eksperti tərəfindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin maliyyə siyasəti layihəsi, büdcə modeli, büdcə planlaşdırma qaydaları təhlil edilmiş və məsləhət verilmişdir.
Sonda iştirakçılar sertifikatla təltif edilmişdir.