Sənaye Korporasiyası: Taxılçılıq ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malikdir

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə tələbatının ödənilməsində də mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması qarşıya mühüm məsələ kimi qoyulub.

Bu barədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin AZƏRTAC-a açıqlamasında bildirilir.

Şəki, Qax və Ağsu rayonları ərazisində ASC-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkinəyararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin aqrotexniki tələblərə uyğun olaraq əkilib-becərilməsi işləri və verilən subsidiyalardan səmərəli istifadə əməliyyatları Korporasiyanın törəmə müəssisəsi olan “ASK Aqro” MMC-yə həvalə edilib. Cari ildə Şəki rayonunda 82 hektar, Qax rayonunda 217 hektar və Ağsu rayonu ərazisində yerləşən 20 hektar kənd təsərrüfatı təyinatlı əkinəyararlı torpaq sahələrində müvafiq taxıl bitkiləri yetişdirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan subsidiya hesabına Korporasiya tərəfindən arpa və buğda toxumları, gübrə, dərman və herbisidlər alınaraq, müəssisəyə təhvil verilir. Taxıl istehsalının artırılmasının əsas yolları qısa rotasiyalı əkin dövriyyələri, torpaq becərmələri, gübrə verilməsinin səmərəli üsulları, həmçinin optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir. “ASK Aqro” MMC tərəfindən əkin aparılmış sahələrdə əsasən cücərməyə nail olunub. Artıq karbamid gübrəsi ilə bitkilərin qidalandırılmasının vaxtı gəlib çatıb. Taxıl səpinini vaxtında aparmaqla və aqrotexniki qaydalara əməl etməklə yüksək məhsul üçün zəmin yaradıla bilər.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər