Bərdə rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı” mövzusunda konfrans keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC, Bərdə Rayon İcra Hakimiyyəti və “Azərpambıq ASK” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, yerli icra hakimiyyəti və ictimaiyyət nümayəndələri, fermerlər iştirak ediblər.
Sənaye Korporasiyasından AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransın davamı olaraq iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda pambıqçılığın inkişafındakı müstəsna xidmətlərinə həsr edilmiş fotostendlə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın tarixi” adlı sənədli filmin nümayişi ilə davam edib.
Tədbiri açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdən, onun yürütdüyü siyasi kursdan danışıb, ölkəmizin sürətli və uzunmüddətli inkişafının, son onilliklər ərzində qazandığı uğurların Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğulayıb.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və misilsiz xidmətlərindən söz açıb. Baş direktor bildirib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra kənd təsərrüfatını ölkənin inkişafında prioritet sahələrdən biri elan etməsi və aqrar sahədə, o cümlədən pambıqçılıqda həyata keçirdiyi islahatlar, verdiyi vacib qərarlar nəticəsində ölkəmizdə pambıqçılıq sürətlə inkişaf edib. Qeyd olunub ki, Ümummilli Liderin mütəmadi olaraq rayonlara etdiyi səfərlər zamanı təsərrüfatla birbaşa yerindəcə tanış olması, zəhmətkeşlərlə keçirdiyi çoxsaylı görüşlər, bölgələrdə pambıqçılıq üzrə keçirilən ənənəvi zona müşavirələri kənd təsərrüfatının bu strateji sahəsində yeni inkişaf dövrünün başlanğıcı olub. Heydər Əliyev məktəbinin layiqli davamçısı, bütün sahələrdə uğurlara imza atan islahatçı lider Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı apardığı məqsədyönlü siyasətdən danışan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru ölkə rəhbərinin birbaşa tapşırıq və göstərişlərinə əsasən, aqrar sektorun bu sahəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyevin sayəsində ölkəmiz dünyada tanınan, inkişaf edən, çiçəklənən bir respublikadır. Ziyad Səmədzadə qeyd edib ki, bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu icrası nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Buna görə də Heydər Əliyev əbədiyaşar liderdir.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşərək, görkəmli şəxsiyyətin hər zaman pambıqçılara olan diqqət və qayğısından danışıb.
Konfransın sonunda 2022-ci ildə istehsalatda fərqlənmiş pambıqçı fermerlərə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyad Səmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev tərəfindən fəxri fərmanlar təqdim olunub.