“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2021-ci il üçün maliyyə nəticələrini və audit hesabatını açıqlayıb

Korporasiya dərc edilmiş maliyyə hesabatlarına əsasən 2021-ci ili yüksək iqtisadi göstəricilərlə başa vurmuşdur. Maliyyə hesabatlarına kənar auditor olaraq “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən rəy verilib.

Korporasiya-nın cəmi aktivləri 31.12.2021-ci il tarixinə 1,507 milyon manat təşkil etmişdir. 2021-ci hesabat ili üçün dərc edilən konsolidasiya edilmiş məcmu gəlirlər haqqında hesabata əsasən gəlirlər 429,0 milyon manat, ümumi mənfəət 98,2 milyon manat, vergi, faiz xərci və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBITDA) 84 milyon manat olmuşdur. Qeyd etmək lazımdır ki, Korporasiya iki il ardıcıl olaraq EBİTDA mənfəəti üzrə müsbət nəticələr əldə etmişdir. Amortizasiya və köhnəlmə xərcləri 23,8 milyon manat, faiz xərci 2,3 milyon manat, mənfəət vergisi xərci 13,8 milyon manat olmuşdur. Beləliklə Korporasiya-nın 2021-ci il üzrə dərc etdiyi konsolidasiya edilmiş məcmu gəlirlər haqqında hesabatına əsasən xalis mənfəət 44,1 milyon manat olmuşdur ki, bu da Korporasiya-nın fəaliyyəti dövründə ən yüksək nəticə sayılır.

Korporasiya-nın konsolidə edilmiş maliyyə hesabatları ilə yanaşı onun ən iri iki törəmə cəmiyyətləri olan “Azəralüminium” MMC və “Azərpambıq ASK” MMC-nin 2021-ci il üçün fərdi maliyyə hesabatları da dərc edilmiş və həmin hesabatlara kənar auditor olaraq “Baker Tilly Audit Azərbaycan” QSC rəy verib.

“Azəralüminium” MMC 2021-ci hesabat ili üzrə yüksək nəticələr əldə etmişdir. Məcmu gəlirlər haqqında hesabata əsasən gəlirlər 234,4 milyon manat, ümumi mənfəət 63,7 milyon manat, vergi, faiz xərci və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBITDA) 53 milyon manat, xalis mənfəət 30 milyon manat olmuşdur. Müəssisənin 2021-ci il üçün mənfəət vergisi xərci 7,5 milyon manat təşkil edib.

“Azərpambıq ASK” MMC üzrə də 2021-ci ildə yüksək nəticələr əldə edilmişdir. Məcmu gəlirlər haqqında hesabata əsasən gəlirlər 168,7 milyon manat, ümumi mənfəət 36,97 milyon manat, vergi, faiz xərci və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBITDA) 34,3 milyon manat, xalis mənfəət 23,6 milyon manat olmuşdur. Müəssisənin 2021-ci il üçün mənfəət vergisi xərci 6,2 milyon manat təşkil edib.

Qeyd etmək lazımdır ki, hər iki törəmə müəssisə davamlı olaraq 2020-ci və 2021-ci illəri xalis mənfəət ilə başa vurub.

Trend

Yeni Xəbərlər