Sabirabadda pambıq tarlalarının defolyasiyasına başlanılıb

Sabirabadda yerli və xarici mütəxəssislərin, fermerlərin iştirakı ilə "Azərpambıq ASK" MMC-nin pambıq sahələrində tarla görüşü keçirilib. Yığım öncəsi qarşıda duran məsələlər müzakirə edilib, həmçinin əkilən xarici sortların müşahidəsi aparılıb. Daha sonra defolyasiya işləri yerinə yetirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatında prioritet sahəyə çevrilən pambıqçılığın inkişafı istiqamətində mütəmadi lazımi tədbirlər görülür, fermerlərin maarifləndirilməsi istiqamətində tarla görüşləri təşkil edilir. Növbəti belə görüş Sabirabadda gerçəkləşib. Şəhriyar kəndi ərazisində pambıq tarlasında keçirilən görüşdə “Azərpambıq ASK” MMC-nin nümayəndələri, Türkiyənin toxum və dərmanlama şirkətlərinin nümayəndələri, yerli və xarici mütəxəssislər, fermerlər iştirak ediblər. Pambıqçılığın inkişafı, aqrotexniki qulluq, o cümlədən pambığın becərilməsi və ziyanvericilərə qarşı vaxtında tətbiq ediləcək mübarizə tədbirləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Azərpambıq ASK” MMC-nin böyük aqronomu Rəfayıl Tahirov bildirib ki, tarlalarda yerli iqlimə uyğun, quraqlığa və xəstəliklərə dözümlü olan türk pambıq sortlarından daha çox istifadə edilir. Bunlar arasında “Orion”, “Lazer”, “Bəyaz Altun” toxumları daha çox yer alır. Ümumilikdə “Azərpambıq ASK” MMC tərəfindən ölkə üzrə 25500 hektar sahədə adı çəkilən toxumlar əkilib və ilkin müşahidələrə görə, hər hektara 30 sentner məhsul gözlənilir.

Xarici sort pambıq toxumlarının əkildiyi sahələrə əyani baxış keçirilib. Türkiyəli mütəxəssis Fərzandə Göktimur bildirib ki, Azərbaycanda əkilən türk sortu olan pambıq toxumları artıq özünü doğruldub. Bu toxumlarda məhsuldarlıq, lif çıxımı yüksəkdir. Bunun səbəbi isə həmin sortların yerli iqlimə uyğun seçilərək əkilməsidir. Həmin sortlar istər Türkiyədə, istərsə də Azərbaycanda fermerlərin daha çox əkdiyi toxumlardır.

“Progen Seed” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İsmayıl Abayın sözlərinə görə, artıq illərdir ki, Azərbaycanda Türkiyə sortu olan pambıq toxumlarından istifadə edilir. Əvvəlcə həmin toxumlar yerli iqlimə uyğun seçilir və burada sınaq əkini aparılaraq müşahidə altında saxlanılır. Sonra seçilən toxumlar kütləvi əkində istifadə edilir. Ötən illərin təcrübəsi də öz müsbət təsirini göstərir. Bu il sahələrdən daha çox məhsul gözlənilir.

Daha sonra Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində toplantı olub. Pambıqçılıqda əsas vacib məsələ - ziyanvericilərlə mübarizə, həmçinin aqrotexniki qulluq kimi məsələlər müzakirə edilib. Bildirilib ki, pambıq bitkisi üzərində 200 növə yaxın həşərat, gənə və xəstəlik törədən mikroorqanizmlər yaşayır. Bu ziyanvericilər mütəmadi olaraq çoxalma qabiliyyətinə malikdir. Pambıq qurdu, hörümçək gənəsi, mənənələr Azərbaycanda pambıq bitkisinin əsas zərərvericiləri sayılır. Bütün bu xəstəlik və zərərvericilərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin vaxtında aparılması mütləqdir.

Toplantıdan sonra pambıq yığımı aparılacaq tarlalarda defolyasiya işləri görülüb.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər