Azərbaycan və Koreya şirkətləri alüminium sənayesi sahəsində əməkdaşlıq edəcəklər

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən fəaliyyət sahələri üzrə dəyər zəncirinin inkişaf etdirilməsi, rəqabətədayanıqlı məhsulların istehsalı, portfelin şaxələndirilməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq xarici şirkətlərlə, xüsusilə də investorlarla görüşlər keçirilir, yeni əməkdaşlığın qurulması istiqamətində işlər aparılır. Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin Bakı ofisi Azərbaycan və Koreya arasında ticari əlaqələri təşviq edir və Koreya şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırmalarına dəstək olur. Bu istiqamətdə Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin Bakı ofisinin dəstəyi ilə Koreya Respublikasının “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti Azərbaycan bazarına daxil olub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq nəticəsində Koreyanın “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin rəhbər heyəti arasında görüş keçirilib. Görüş zamanı hər iki tərəf təmsil etdikləri qurumlar haqqında ətraflı məlumat verib, alüminium sənayesinin inkişafı üzrə əməkdaşlıq perspektivləri və birgə layihələrin icrası ilə bağlı müzakirələr aparıblar. Görüşdə “Azəralüminium” MMC və “Institute for Advanced Engineering” arasında alüminium ərintilərinin istehsalı, tədqiqat mərkəzlərinin yaradılması və digər əməkdaşlıq sahələrini əhatə edən anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, “Institute for Advanced Engineering” Koreyanın istehsal texnologiyaları üzrə elmi araşdırmalar aparan önəmli təşkilatlarından biridir. Alüminium materialların, əsasən də alüminium ərintilərinin xüsusi növlərinin istehsalı üzrə ixtisaslaşan “Lemon Metal Inc.” şirkəti “Nedec Co.Ltd” şirkətinin tərkibindədir və avtomobil, enerji, telekommunikasiya, informasiya texnologiyaları üzrə sənaye sahələrinə qlobal səviyyədə məhsullar təqdim edir.

Görüşün sonunda noyabrın 14-də nümayəndə heyətinin Gəncə Alüminium Kompleksinə səfəri və burada istehsal prosesi ilə tanış olması da razılaşdırılıb.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər