“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin bir qrup əməkdaşları beynəlxalq səviyyədə tanınan sertifikasiyadan uğurla keçmişdir

Müasir dünyada iqtisadi amillərin proqnoz edilməsində yaranan çətinliklər, kapital və maliyyə bazarlarında trendlərin sürətlə dəyişməsi, ölkələrin yüksək inflyasiya və digər iqtisadi risklərlə üzləşməsi rəqabətli insan kapitalının formalaşdırılmasını ön plana çıxarır. Yeni iqtisadi-sosial reallıqların təhlil edilərək dayanıqlı inkişafın təmin edilməsinin əsas faktorlarından biri kimi insan kapitalının inkişaf etdirilməsi Korporasiyanın daim diqqət mərkəzindədir.

Korporasiya mövcud əmək bazarında olan tələbləri nəzərə alaraq kadr potensialının inkişafı istiqamətlərini müəyyən etmiş, bu istiqamətlər üzrə kadr potensialını gücləndirmək məqsədi ilə əməkdaşlarının bilik və bacarıqlarının artırılmasını təmin etmiş, onların qabaqcıl təcrübə və bilikləri öyrənməsinə xüsusi diqqət yetirmiş, bu yöndə bir neçə uğurlu əməkdaşlıqlar qurmuş, təlimlər təşkil etmiş və əməkdaşlarının beynəlxalq dərəcəli sertifikasiyalarda iştirakını dəstəkləmişdir.

Qeyd edilən fəaliyyətlərin davamı olaraq 2021-ci ildən etibarən Korporasiya dünyada maliyyə sahəsi üzrə tədris və sertifikasiya mərkəzi kimi tanınan Kanadanın “Corporate Finance İnstitute” ilə beynəlxalq səviyyəli təlim və sertifikasiya imtahanlarının təşkilinə dair müqavilə imzalamış və əməkdaşları həmin qurumun hazırladığı 4 proqram (“Maliyyə Modelləşdirilməsi və Qiymətləndirmə Analizi” (Financial Modeling & Valuation Analyst (FMVA)®), “Kapital Bazarları və Qiymətli Kağızların Analizi” (Capital Markets & Securities Analyst (CMSA)®), “Biznes Təfəkkürü və Data Analiz” (Business Intelligence & Data Analyst (BIDA)™), “Kommersiya Bankçılığı və Kredit Analitiki” (Commercial Banking & Credit Analyst (CBCA)™) üzrə təlimlərə qoşularaq təlimlərin yekunu olaraq sertifikasiya imtahanlarına hazırlığa başlamışdır.

Maliyyə departamentinin bir qrup əməkdaşı - Tale Həsənov, Aynur Kərimova və Namin Eminov mövcud təlim və sertifikasiya proqramlarının əsas istiqamətindən biri olan “Capital Markets & Securities Analyst (CMSA)®” proqramı üzrə təlimləri uğurla başa vuraraq sertifikasiya imtahanında iştirak etmiş və imtahandan uğurla keçərək sertifikatlara yiyələnmişdir.

Əməkdaşların bu təlim və sertifikasiya proqramlarında iştirakı ilə əldə edilən bilik və bacarıqlar Korporasiyanın maliyyə aktivlərinin idarə edilməsi haqqında qərarların verilməsi, maliyyə planlaması, maliyyə risklərinin təhlili, maliyyə modellərinin hazırlanması və praktiki tətbiqində mühüm rol oynamışdır.

Trend

Fotolent

Yeni Xəbərlər