Ölkəmizdə qeyd olunan “Heydər Əliyev İli” münasibətilə Gəncə şəhərində “Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı” mövzusunda konfrans keçirilib.
Trend xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC, Gəncə şəhər İcra Hakimiyyəti və “Azəralüminium” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, yerli icra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra konfrans iştirakçıları Gəncə şəhər Heydər Əliyev Mərkəzinin foyesində ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı müstəsna xidmətlərinə həsr olunmuş fotostendlə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən və xalqına, torpağına olan böyük sevgisindən bəhs edib. Niyazi Bayramov qeyd edib ki, müasir Azərbaycanın şanlı tarixi məhz ulu öndərin adı ilə bağlıdır və Heydər Əliyev Azərbaycan tarixində əbədiyaşarlıq qazanmışdır.
Tədbirdə çıxış edən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dərin zəkası, bütün sahələrə yaxşı bələd olması Azərbaycanın uğurlu inkişaf konsepsiyasının hazırlanmasına təkan vermişdir. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda həyata keçirilən struktur islahatlardan danışan Baş direktor qeyd edib ki, ümummilli lider daima ölkədə metallurgiyanın inkişafına xüsusi diqqət göstərmişdir. "Azərbaycan metallurgiya sənayesinin kompleks inkişaf proqramı" çərçivəsində Sumqayıt, Gəncə, Daşkəsən və Gədəbəydə iri istehsal sahələrinin qurulması bunun daha bir təsdiqidir – deyə Kamran Nəbizadə vurğulayıb. Qeyd olunub ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində alüminium sənayesi Azərbaycanda metallurgiyanın mühüm sahələrindən biri kimi ölkə iqtisadiyyatının inkişafına daxil olmuşdur.
Respublikamızda sənayenin inkişafında dahi liderin müstəsna xidmətlərindən danışan digər çıxışçılar ulu öndərin böyük siyasi iradəyə, sarsılmaz əqidəyə, tükənməz dövlət idarəçiliyi istedadına malik olmasını vurğulayıb. Bildirilib ki, Heydər Əliyev hər zaman bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu imkanlardan tam istifadə etmişdir.
Tədbir “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” sənədli filminin nümayişi ilə davam edib.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azəralüminium” MMC-nin əməkdaşları Fəxri Fərman və mükafatlar ilə təltif olunublar.