Azərbaycan ipəyi ilk dəfə sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində keçiriləcək 3-cü “Baramadan İpəyə” beynəlxalq festivalında nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunacaq. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.
Sərgidə Şəkidə istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçiriləcək. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.
Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgilərin təşkili planlaşdırılır. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.
Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın Türkiyədəki rəsmi təmsilçiləri, Yunus Əmrə İnstitutunun əməkdaşları, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqların iştirakı nəzərdə tutulur.