Ölkəmizdə sənaye potensialının inkişafı üçün zəngin xammal və resursların mövcudluğu, eləcə də sənaye sahələrinin imkanlarının səfərbər edilməsi həmin sahələrin keyfiyyət və kəmiyyət baxımından davamlı inkişafına əsaslı şəkildə təsir edir. Azərbaycanda sənayenin inkişafında neft sektoru təkanverici qüvvə olsa da, maşınqayırma, metallurgiya, kimya kompleksi, emal və mədənçıxarma müəssisələri qeyri-neft sənayesinin inkişafında əhəmiyyətli dərəcədə rola malikdir.
Qeyri-neft sektorunun potensial inkişaf imkanlarının genişləndirilməsi istiqamətində aparılan islahatların davamı olaraq yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azəraluminium" MMC əlvan metallurgiyanın inkişafına öz töhvəsini verməkdədir.
Alüminium istehsalı üzrə ixtisaslaşmış müəssisənin illik istehsal gücü 50 000 ton təşkil edir. Burada tikinti, maşınqayırma, qida qablaşdırma, elektrik enerjisi və digər sahələrdə geniş istifadə olunan ilkin alüminium, fasiləsiz tökmə və soyuqyayma məhsulları istehsal olunur.
Bu gün alüminium sənayesinin davamlı inkişafını təmin etmək üçün həlli vacib olan əsas məsələlərdən biri xammal bazasının yaradılmasıdır. Alüminium istehsalı üçün tələb olunan əsas xammallardan biri də anod bloklarıdır. Bu məqsədilə "Azəraluminium" MMC tərəfindən yerli neft koksundan istifadə etməklə, alüminium istehsalının əsas xammallarından biri olan anod bloklarının istehsalının təşkili üçün neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Yaşıl neft koksunun kalsinasiyası və növbəti istehsal mərhələsində kalsinasiya edilmiş neft koksundan anod istehsalı əlavə iqtisadi faydalar yaradır. Kalsinasiya edilmiş neft koksu daha sonra ilkin alüminium sənayesinin vacib xammallarından biri olan yüksək keyfiyyətli anod istehsal etmək üçün istifadə olunur ki, bu da ölkənin bu məhsul üzrə idxaldan asılılığını azalda, həmçinin ixrac imkanlarının yaranmasına zəmin yarada bilər.
Layihənin ilkin mərhələsində yerli neft koksundan istifadə etməklə anod bloklarının istehsalı layihəsinin investisiya göstəricilərinin müəyyən olunması, istehsal proseslərinin qurulması, ekoloji faktorların nəzərdən keçirilməsi və ümumi olaraq səmərələliyin təhlil olunması üçün texniki-iqtisadi əsaslandırma hazırlanması nəzərdə tutulur. Bu məqsədlə texniki tapşırıq hazırlanmış və tender elan olunmuşdur. Satınalma prosesində rəqabətin artırılması, səmərəliliyin əldə olunması, bu sahə üzrə çoxillik geniş və beynəlxalq təcrübəyə malik olan məsləhətçi şirkətlərin cəlb olunması məqsədilə elan bir neçə platformalarda yerləşdirilmişdir.