Sabirabadda pambıq səpininə start verilib

Sabirabad rayonunda pambıq səpininə start verilib. Cari il üçün tarlalarda daha məhsuldar olan “Lazer” və “Orion” toxum sortlarından istifadə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonu Zalqarağac kəndində pambıq səpini işləri və qarşıda duran vəzifələrlə bağlı tarla görüşü təşkil olunub. Görüşdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, “Azərpambıq ASK” MMC-nin birinci müavini Hüseyn Qafarov, İstehsal və fermerlərlə iş şöbəsinin müdiri İlham Quliyev, aqronomlar və kənd sakinləri iştirak ediblər.

Görüş zamanı görülən işlərlə tanışlıq olub və səpindən sonra sahəyə baxış keçirilib. Sabirabad Pambıq İstehsalı və Tədarükü məntəqəsinin direktoru Elbrus Məmmədbəyov bildirib ki, cari il üzrə “Azərpambıq ASK” MMC vasitəsi ilə təkcə Sabirabad rayonunda 903 fermerlə müqavilə bağlanılıb və 3070 hektar sahədə pambıq əkilməsi planlaşdırılır.

Son vaxtlar pambıqçılığa olan dövlət dəstəyi fermerlərin də bu sahəyə marağını artırıb. Təsərrüfat sahibi Əfras Əsgərov deyir ki, 2016-cı il ölkə rəhbərliyi tərəfindən keçirilən müşavirədən sonra pambıqçılığın prioritet sahəyə çevrilməsi və hər ötən il dövlət tərəfindən göstərilən dəstək bu gün öz bəhrəsini verməkdədir. Pambığın alış qiyməti və subsidiyaların arıtırılması, həmçinin müasir texnikalarla səpin və yığım işləri, o cümlədən gübrələrin vaxtında verilməsi bol məhsul götürməyə imkan verir. Təkcə ötən il 130 hektar sahədən hər hektara 46 sentner olmaqla, 579 ton məhsul tədarük edən fermer cari ildə hər hektara 50 sentnerdən çox məhsul götürməyi planlaşdırır.

Fermer Vaqif Cavadov da eyni fikirdədir. “Pambıqçılıqdan yüksək qazanc əldə etdiyimizə görə ötən illə müqayisədə əkin sahəsini də artırmışıq. Ötən il 30 hektar sahədən 120 ton məhsul topladıq, builki əkin sahəmiz isə 70 hektardır”, - deyə o, bildirib.

Şöbə müdiri İlham Quliyev isə qeyd edib ki, “Azərpambıq ASK” MMC tərəfindən cari ildə 25520 hektar sahədə pambıq əkilməsi üçün 4848 fermerlə müqavilə bağlanılıb. Səpin kampaniyasından öncə sahələr arata qoyulub və lazımi aqrotexniki qaydalara uyğun olaraq iş görülüb. Kampaniyada səpin işlərinin optimal müddətdə başa çatdırılması üçün 230 ədəd texnika, 122 ədəd pnevmatik toxum səpən və 40 ədəd mexaniki toxum səpən işə cəlb edilib.

AZƏRTAC

 

 

Fotolent

Yeni Xəbərlər