“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC tərəfindən “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub. İlkin mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb.
Qeyd edək ki, son zamanlar dünyada onlayn resurslar üzərindən elektron ticarətə olan maraq və tələbat nəzərə alınaraq, həmçinin müəssisənin istehsalı olan məhsulların satış coğrafiyasını genişləndirmək məqsədilə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Yaponiya, Tayvan, Koreya, Sinqapur, İsrail, MDB və Avropa ölkələrinə ixracın həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri və fəaliyyəti nəticəsində 2014-cü ilin noyabrında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb. Maddi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə göstərilən bu yüksək diqqət və qayğı sayəsində kəlağayı sənəti nəsildən-nəsilə keçərək, xalqımızın zəriflik və xanımlıq rəmzlərindən biri olaraq yaşayacaqdır.