"Azəripək"də yenilik

İpəkçilik Azərbaycanda, o cümlədən Şəkidə çox qədim tarixə malikdir. Şəki əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir diyar olub. İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki orta əsrlərdə nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Bu qədim diyar öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı. Şəkili sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan kəlağayılar, zərif parçalar dünyanın bir sıra ölkələrinə ixrac olunurdu.

 

Şəkidə qədim ipəkçilik ənənələri qorunub saxlanılır

Şəkidə qədim ipəkçilik ənənələri bu gün də qorunub saxlanılır, inkişaf etdirilir. Bu şəhərdə fəaliyyət göstərən “Azəripək” MMC (keçmiş “Şəki-İpək” ASC) respublikamızın ən böyük sənaye müəssisələrindən biri hesab olunur. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində son illər respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər “Azəripək” MMC-nin də fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Hazırda müəssisədə 6 istehsal sahəsi – baramaaçan, burucu, toxucu, boyaq-bəzək istehsalatları, həmçinin çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlarda, ümumilikdə, 314 işçi çalışır.

“Azəripək” MMC-nin boyaq-bəzək istehsalatında olub, istehsal sahəsinin fəaliyyəti ilə maraqlanıb. Burada Azərbaycan qadınlarının ənənəvi baş örtüyü olan ipək kəlağayı istehsal edilir.

Şəki kəlağayısına həmişə yüksək tələbat var

İstehsalat müdiri Qüdrət Quliyev 40 ildir ki, bu müəssisədə çalışır. Onun sözlərinə görə, əvvəllər kəlağayı şəhərdəki İpək Kombinatına məxsus kustar sexlərdə hazırlanırdı. Kəlağayıya olan tələbatı nəzərə alaraq 2002-ci ildə müəssisənin nəzdində ayrıca istehsal sahəsi – kəlağayı sexi yaradılıb, şəhərdəki kustar sexlərin fəaliyyəti isə dayandırılıb. Qüdrət Quliyev elə həmin vaxtdan bu sahəyə rəhbərlik edir.

Şəkidə kəlağayıçılığın çox qədim tarixi var. Bu sənət nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Şəki kəlağayısına tələbat həmişə yüksək olub. Azərbaycan qadınının, qız-gəlinlərin, ismət, həya, xanımlıq simvolu sayılan kəlağayı müasir dövrümüzdə də öz dəyərini qoruyub saxlayır.

Qüdrət Quliyev bildirib ki, əvvəlki dövrlərdə kəlağayı yalnız bişirilib ağardılmış şəkildə, yəni naxış vurulmadan, boyanmadan xaricə satılırdı. O vaxtlar sexdə ay ərzində 20-30 min sadə kəlağayı istehsal olunurdu. Müəssisədə boyaq-bəzək istehsal sahəsi yaradıldıqdan sonra ipək kəlağayıların naxışlanmasına və müxtəlif rənglərlə boyanmasına başlanılıb.

Kəlağayının hazırlanması prosesi bir neçə mərhələdən ibarətdir

Hazırda kəlağayının hazırlanması prosesi bütünlüklə müəssisənin daxilində həyata keçirilir. Bu proses bir neçə mərhələdən ibarətdir. Müəssisədə istehsal olunan ipək sap burucu istehsalatında burulduqdan sonra toxucu istehsalatına göndərilir. Sexdə quraşdırılmış müasir dəzgahlarda toxunan yüksək keyfiyyətli nazik ipək parça daha sonra kəlağayı üçün lazım olan ölçülərdə doğranaraq boyaq-bəzək istehsalatına ötürülür. Bu sexdə ipək parça əvvəlcə soda qatılmış qaynar suda bişirilir, tərkibindəki yapışqan və digər maddələr təmizlənir. Sonra soyuq suda yüngülcə yaxalanaraq qurudulur. Daha sonra kəlağayıya naxış vurulması mərhələsi başlanır.

Hazırda boyaq-bəzək istehsalatında 18 işçi çalışır. İşçilərin aylıq əməkhaqqı 300-500 manat arasındadır. Onların əksəriyyəti uzun illərdir ki, bu istehsalatda çalışır, öz peşələrinə ürəkdən bağlanıblar.

Boyaq-bəzək istehsalatında çalışan işçilər öz peşələrinin mahir ustalarıdırlar

Texnoloq İradə Həmidova da 40 ildir ki, bu müəssisədə işləyir, hazırda texnoloji rejimlərə nəzarət edir. Naxışvurma sexində çalışan Günəş Məmmədova 5, Nigar Əmikişiyeva isə 17 ildir bu işlə məşğuldurlar, öz peşələrinin mahir ustalarıdırlar. Hər biri gün ərzində 20-25 kəlağayıya naxış vurur. Sexdə kəlağayının yeləni (haşiyəsi), xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbatı naxışlarla bəzədilir. Ümumiyyətlə, sexdə gün ərzində 100-150 kəlağayıya naxış vurulur. Naxış vurularkən taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara, həmçinin tac, gül, çiyələk formalı naxışlara üstünlük verilir.

Naxış vurulduqdan sonra kəlağayı boyama sexinə ötürülür. Boyaqçı Natiq Məmmədovun dediyinə görə, kəlağayıların boyanması zamanı əsasən təbii boyalara üstünlük verilir, kimyəvi maddələrdən hazırlanmış boyalardan az istifadə olunur.

“Azəripək MMC-də istehsal olunan kəlağayılar bir neçə ölkəyə ixrac edilir

Hazırda “Azəripək” MMC-nin boyaq-bəzək istehsalatında ay ərzində sifarişə uyğun olaraq 2-2,5 minədək naxışlanmış, həmçinin 30 minədək bişmiş kəlağayı istehsal olunur. Burada istehsal olunan kəlağayı, ipək şərf və müxtəlif baş örtükləri Rusiya, İran, Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir, eyni zamanda, daxili bazarda, müəssisəyə məxsus mağazada satışı həyata keçirilir. Müəssisənin mağazasında satılan 150×150 santimetr ölçüdə naxışlanmış, güllü kəlağayının qiyməti 49 və 60 manatdır.

Azərbaycan kəlağayı sənəti beynəlxalq səviyyədə tanınır

İstehsalatın müdiri Qüdrət Quliyevin dediyinə görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri və fəaliyyəti nəticəsində 2014-cü ilin noyabrında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb. Qüdrət Quliyev maddi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə göstərdiyi yüksək diqqət və qayğıya görə müəssisənin kollektivi adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xalq.az

Yeni Xəbərlər