Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bir neçə gündür cəmiyyətə məxsus sahələrdə yaşıl tütün yarpağının dəriminə start verilib. İlk günlər Balakən, Zaqatala və Şəki rayonlarının tütün istehsalçıları tərəfindən cəmiyyətin Zaqatala rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə qurudulmaq üçün 44 ton 495 kiloqram yaşıl tütün kütləsi təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda cəmiyyətin Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Tütün qəbulu məntəqələrində, ümumilikdə 262 tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxtaparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.
Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Mövsümün ilk günlərində emalı məntəqəsinə Balakən rayonu üzrə istehsalçılardan 30 ton 865 kiloqram, Şəki rayonu üzrə 7 ton, Zaqatala rayonu üzrə isə 6 ton 630 kiloqram yaşıl tütün kütləsi daxil olub.