“Azəralüminium”un ixrac gəlirləri 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəralüminium” MMC 37 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 milyon ABŞ dolları və yaxud 2,1 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında “Azəralüminium” MMC 17,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.

Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 52 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. “Azəralüminium”un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.

Report

Yeni Xəbərlər