Bu il “Azərpambıq” gəlirlərini 3 dəfəyədək artırıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 13,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 8,3 milyon ABŞ dolları və yaxud 2,7 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında “Azərpambıq” MMC 4,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Report

Yeni Xəbərlər