İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki orta əsrlərdə nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Bu qədim diyar öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı. Şəkili sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan kəlağayılar, ipək saplardan toxuduqları xalçalar, zərif parçalar dünyanın bir sıra ölkələrinə ixrac olunurdu. Şəkidə 1931-ci ildə fəaliyyətə başlayan İpək Kombinatı respublikamızın ən böyük sənaye müəssisələrindən biri hesab olunurdu.
İpəkçiliyin inkişaf etdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
Ötən əsrin 70-80-ci illərində Azərbaycanda, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə geniş vüsət almışdı. Həmin illərdə “Şəki-İpək” Kombinatında 7 minədək işçi çalışırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində sovetlər birliyinin dağılması, iqtisadi əlaqələrin qırılması nəticəsində bir çox sahələr kimi, ipəkçilik sahəsində də, o cümlədən “Şəki-İpək” kombinatının fəaliyyətində də tənəzzül baş verdi. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişdi, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görüldü.
Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər respublikamızın şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin (keçmiş “Şəki-İpək” ASC) fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Uzun illər fasilədən sonra 2016-cı ildən etibarən ölkəmizdə yaş barama istehsalının ildən-ilə artması müəssisənin xammala olan tələbatının ödənilməsi və fəaliyyətinin yaxşılaşması ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri “Azəripək” MMC-də olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.
Ötən il “Azəripək” MMC-də 40 ton xam ipək istehsal olunub
Məhdud Məsuliyyətli Cəmiyyətin sədrinin müşaviri Teymur Musayevin bildirdiyinə görə, hazırda müəssisədə baramaaçan və boyaq-bəzək istehsalatları, çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlarda, ümumilikdə, 314 işçi çalışır. Apreldə burucu və toxucu sexlərinin də fəaliyyətlərinin bərpa edilməsi nəzərdə tutulur. Beləliklə, tezliklə işçilərin sayı 400-ə çatdırılacaq.
Qurum rəsmisi qeyd edib ki, ötən il respublikada 446 ton yaş barama istehsal olunub. Mövcud xammal ehtiyatı birnövbəli iş rejimində müəssisənin ilboyu fasiləsiz işləməsinə imkan verir. Ötən il müəssisədə 40 ton xam ipək istehsal olunub. Burada istehsal olunan ipək parça, kəlağayı, ipək şərf və müxtəlif baş örtükləri Türkiyə, İran və Hindistana ixrac edilib, eyni zamanda, daxili bazarda satışı həyata keçirilib.
“Azəripək” MMC-nin ipək xalça sexi fəaliyyətini bərpa edib
Müəssisənin xalça sexi bir-neçə aydır ki, fəaliyyətini bərpa edib. Sexin meneceri Gülnaz Nurəhmədova 2002-ci ildə müəssisənin nəzdində ayrıca ipək xalça sexi yaradıldıqdan sonra bu sahəyə rəhbərlik edir.
Gülnaz xanım bildirib ki, ailəliklə xalçaçılıq sənəti ilə məşğul olurlar. Bu sənət onlara nəsildən keçib. O, xalçaçılar ailəsində doğulub, nənəsi də, anası da xalçaçı olublar. Xalçaçı 30 ildən çoxdur ki, bu sənəti gənc qızlara, xanımlara öyrədir. Çalışır ki, xalçaçılıq sənəti yaşasın, daha da inkişaf etsin.
Müsahibimiz deyib ki, Ulu Öndər 2002-ci ildə Şəkidə olarkən İpək Kombinatının fəaliyyəti ilə maraqlanıb, onun bilavasitə tapşırığı və tövsiyəsi ilə müəssisənin nəzdində digər istehsal sahələri ilə yanaşı, ipək xalça toxuyan sex də yaradılıb. Əvvəllər sexdə 120 nəfərədək işçi çalışıb. Sonralar xammal, yəni ipək sap çatışmazlığı səbəbindən sex bir müddət fəaliyyətini dayandırıb. Xalça sexi 2020-ci ilin sentyabrından yenidən fəaliyyətini bərpa edib. Hazırda sexdə 5 ədəd toxucu dəzgahı fəaliyyətdədir və 5 nəfər də toxucu çalışır. Ötən müddət ərzində sexdə 5 namazlıq ipək xalça toxunub və hazırda Quba, Şirvan və Qarabağ bölgələrinə aid daha 5 xalçanın toxunmasına başlanılıb. Toxunmuş xalçaların ölçüləri 70x110 santimetr və 100x135 santimetrdir. Yeni toxunan xalçalardan birinin üzərində Qarabağın azadlıq rəmzi Xarı bülbül əks olunacaq.
Sexdə toxunan bir kvadratmetrlik ipək xalçada 490 min ilmə var
Gülnaz Nurəhmədovanın sözlərinə görə, sexdə toxunan ipək xalçalar xaricdə toxunanlardan xeyli fərqlənir, sıxlığı çox yüksəkdir. Bir kvadratmetrlik ipək xalçada 490 min ilmə var. İpək sapdan xalça toxumaq çox vaxt aparır. Ölçüsü bir kvadratmetr olan ipək xalça 2 nəfər tərəfindən 3 aya toxunur. İpək saplar müəssisənin özündə istehsal olunur, boyaq-bəzək sexində rənglənir. Əvvəlki dövrlərdə sexdə Şəkinin tarixi abidələrinə, o cümlədən Xan sarayına aid ipək xalçalar da toxunub. Gələcəkdə yenə də Şəki ilə bağlı xalçaların toxunması nəzərdə tutulur.
Xammal ehtiyatı yarandıqca işçilərin sayı daha da artacaq
Sexin meneceri bildirib ki, xammal, yəni ipək sap ehtiyatı yarandıqca, əvvəlki illər işlənən toxucu dəzgahları yenidən işlək vəziyyətə gətirildikcə işçilərin sayı daha da artacaq.
Hazırda sexdə çalışan toxucu xanımlar əvvəllər də burada işləyiblər, təcrübələri var. Gülnarə Kərimova, Samirə Məmmədova, Adilə Mustafayeva, Samilə Rzayeva və Vəfa Səfərova uzun illərdir ki, xalça toxumaqla məşğuldurlar, öz peşələrinin mahir ustalarıdırlar. İşçilərlə söhbət zamanı onlar respublikamızda baramaçılığın inkişafına, müəssisənin fəaliyyətinin bərpa olunmasına göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.