“Azərtütün ASK” MMC tütün əkini ilə əlaqədar fermerlərlə müqavilələr bağlayır

“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlanılıb. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 40 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, indiyədək bağlanılan müqavilələr üzrə ümumi əkin sahəsi 288,4 hektar təşkil edir. Bölgənin fermerləri tərəfindən bu günədək ümumi sahəsi 14 min 313 kvadratmetr olan 995 sadə istixana hazırlanıb. Eyni zamanda, 434,6 hektarda don şumu aparılıb.

Xatırladaq ki, “Azərtütün ASK” MMC tərəfindən 2020-ci ildə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Mövsüm ərzində bu rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 773 ton 495 kiloqram yaşıl tütün kütləsi daxil olub. Ötən təsərrüfat ilində emal məntəqələrində, ümumilikdə, 2308 ton 656 kiloqram quru tütün istehsal edilib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər