Müsahibəyə hazırlıq prosesi və müsahibə haqqında tövsiyələr

Fins.az “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İnsan resursları şöbəsinin müdiri Gülmirə Salmanova-nın məqaləsini təqdim edir. 

Müsahibə - müsahibə alanla respondentin qarşılıqlı sosial-psixoloji təsirinin müəyyən formasıdır. Bu forma şəxslərarası qarşılıqlı təsirin özünəməxsusluğu, fərdlərin adi ünsiyyətindən fərqli olaraq, müsahibə alanla respondent arasında rolların dəqiq bölüşdürülməsindən ibarətdir. Müsahibə alan söhbətin təşkili və keçirilməsində təşəbbüskar kimi aparıcı, əsas rol ayrıldığı halda, respondent idarə olunan, məlumat mənbəyi rolunda çıxış edir. Tədqiqatçı soruşur, respondent cavab verir, tədqiqatçı suallar vasitəsilə söhbətə istiqamət verir, respondent  cavabları ilə onun arxası ilə gedir. Onların münasibətlərində bir növ dönməzlik vardır. Məhz bütün bunlar konkret sosioloji tədqiqat metodu kimi müsahibənin özünə xas xüsusiyyətlərini müəyyənləşdirir.  Müsahibə aparmaq prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

Müsahibənin sorğu vərəqəsinin hazırlanması;

Müsahibənin aparılması .

Müsahibə 3 hissədən ibarət olur: giriş hissə, əsas hissə və bağlanış hissə. 

Giriş hissədə namizədə müsahibədə iştirak edən şəxslər haqqında qısa məlumat  ( adətən adı və vəzifəsi və ya hansı şöbədə çalışdığı) verilir və namizədə özü haqqında danışmaq üçün müəyyən qədər vaxt verilir. Giriş hissə adətən bir neçə dəqiqə davam edir. 

Əsas hissə  ən uzun davam edən mərhələdir. Bu mərhələdə köhnə iş yeri və iş öhdəlikləri, müəyyən hadisələrə reaksiya, müraciət olunan işdə tələb edilən əsas keyfiyyətlərin yoxlanılması haqqında namizədin özəllikləri yoxlanılır. 

Bağlanış hissədə namizədə müsahibə və ya müraciət olunan iş ilə bağlı sual vermək üçün şərait yaradılır və müsahibə nəticələri haqqında hansı tarixə qədər məlumat veriləcəyi bildirilir, sonda müsahibə bitir. Bir məqamı da qeyd edək ki, adətən müəssisələrin əksəriyyəti müsahibə mərhələsindən uğurla keçmiş namizədlərlə əlaqə saxlayır. Digər namizədlərə müsahibədən keçməməsi haqqında məlumat verilmir. Təbii ki, “Müəyyən  tarixə qədər sizinlə əlaqə saxlanılmazsa, deməli, siz müsahibə mərhələsindən keçməmisiniz” – deyə bu şərt əvvəlcədən namizədlərə bildirilir. Əgər siz işə qəbul prosesinin ilk mərhələsini uğurla keçmisinizsə, müsahibə mərhələsi öz potensialınızı göstərmək üçün sözün əsl mənasında yaxşı fürsətdir. Sadəcə olaraq bu mərhələdə daha diqqətli olmaq və iş yerinin səndən istəyə biləcəyi nüanslara fikir vermək önəmlidir.

Müsahibə işə qəbul prosesinin ən önəmli mərhələlərindən biridir. Bu mərhələdə yol verilən kiçik bir səhv iş üçün müraciətinizin uğursuz nəticələnməsinə səbəb ola bilər. Siz müsahibədən öncəki mərhələlərdə çox yüksək nəticələr əldə etmiş olsanız belə müsahibə mərhələsindəki kiçik bir nöqsan digər mərhələdə qazandığınız uğurları uğursuzluğa çevirə bilər. Bu səbəbdən də  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İnsan resurları şöbəsinin müdiri olaraq müsahibəyə hazırlıq prosesi və müsahibə haqqında tövsiyələrimi iş axtaranlarla bölüşmək istərdim. Məqsədim sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərməkdir.  Belə ki, iş imkanlarınızı harada daha yaxşı reallaşdırmağınızı müəyyən etmək və arzuladığınız karyeranı qurmaq üçün bir neçə tövsiyyələr vermək istərdim.

Müsahibə bir tərəfdən potensial işə götürənin sizin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinizin müvafiq vakansiyaya nə qədər uyğun olub-olmadığını müəyyən etmək üçün təşkil olunan bir proses olmaqla yanaşı, digər tərəfdən iş axtaranın  namizədin həmin vakansiyaya, şirkətin məqsədi, gələcək planları, maraqlarına nə qədər uyğun olub-olmamasını müəyyən edəcəyi bir prosesdir. Müsahibədən ən ağıllı və savadlı deyil, müsahibəyə ən hazırlıqlı şəxs keçir. Ona görə də müsahibənin formatından, yerindən, mərhələsindən asılı olmayaraq həmin müsahibəyə yaxşı hazırlaşmaq lazımdır. Müsahibə nədir və mən müsahibəyə necə hazırlaşım sualı sizi düşündürürmü? Müsahibəyə hazırlaşmaq ilk növbədə özünü tanımaqdan başlayır. Özünü tanımaq aşağıdakılardan ibarətdir :

Bu işə uyğun bacarıq və təcrübələriniz hansılardır;

Əsas nailiyyətləriniz;

Rezumeyə əlavə etmədiyiniz, lakin bu işə uyğun hansı məqamlar vardır;

 Düzəliş və inkişaf etdirilməyə ehtiyac olan sahələr.

Qarşı tərəfi (işəgötürəni) tanımağa nə aiddir:

Müəssisə barədə ümumi məlumat, yəni nə vaxt yaradılıb, məqsədi, vizyonu  və dəyərləri nədir?

Hansı istiqamətlərdə çalışır, məhsul və fəaliyyətləri nələrdir?

Ən böyük uğur və nailiyyətləri hansılardır?

Son layihələri və gələcək planları nədir?

Bunun üçün əsasən şirkətin rəsmi web-səhifəsini və sosial media hesablarını (facebook, linkedln) incələyin.

Son mərhələ isə uyğunlaşdırmadan ibarətdir. Bunun üçün həmin vakansiyada qeyd olunan “öhdəliklər və vəzifələr” hissəsinə xüsusi diqqət yetirin və orada qeyd olunanlara uyğun hansı təcrübə, bilik və bacarıqlarınızın olduğunu müəyyən edin. Beləliklə, sizin CV ilə tanış olduqdan sonra İnsan resurları üzrə məsul şəxs sizi müsahibəyə dəvət edir.

Müsahibə mərhələsində önəmli olan nüanslara nəzər salaq:

Zəng gəldiyi təqdirdə nə etmək lazımdır:

Əgər münasib deyilsinizsə, qısa salamlaşıb, zəngin məqsədini öyrənib, üzrxaqlıq edib, sonra zəng edə biləcəyinizi bildirirsiniz;

Əgər münasibsinizsə və sizin çoxdan gözlədiyiniz bir şirkətə müsahibəyə dəvət edilmisinizsə, o zaman emosiyalarınızı büruzə verməmək şərtilə sevincinizi bildirirsiniz;

Müsahibə vaxtı sizə uyğun deyilsə, bunu bildirin və öz variantınızı irəli sürün;

Müsahibə kiminlə olacaq məlumatını zəng zamanı öyrənin;

Özünüzlə nə gətirməlisiniz sualını verin (misal üçün rezumenin bir nüsxəsi, keçmiş iş yerlərindən xasiyyətnamə və s.). Unutmayın, müsahibə və sizin qiymətləndirilmə prosesi artıq ilk zənglə başlayır və ona görə də məsələyə peşəkar yanaşın.

Müəssisə və müraciət etdiyiniz vəzifə haqqında ilkin məlumatların toplanması. Müsahibəyə getməzdən əvvəl müraciət etdiyiniz təşkilat haqqında qurumun rəsmi saytı və ya digər mənbələrdən ilkin məlumatları toplamağınız vacibdir.  Məsələn, hansı ildən fəaliyyət göstərir, nə işlə məşğuldur v.s bu kimi məlumatlar. Bundan əlavə, müraciət etdiyiniz vəzifənin mənası, vəzifə öhdəlikləri v.s haqqında da biliklərinizin olması vacibdir. Şirkət və ya vəzifə haqqında məlumatların soruşulmasında əsas məqsəd bu məlumatları hansı dərəcədə yadda saxlamanızdan daha çox, hansı dərəcədə məsuliyyətli olduğunuz haqqında məlumat əldə edilməsidir.

Müsahibəyə gələrkən bütün lazımı sənədləri çap edin və ayrıca faylda müsahibəyə gətirin. Həmin sənədlərə CV (iki nüsxədə), şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, ali təhsil haqqında diplom, sertifikatlar və s. aiddir.

Şirkətin ünvanını və yerləşməsini dəqiq müəyyən edin. Daha yaxşı olar ki, nəqliyyatı, tıxacları və məsafəni nəzərə alaraq, müsahibəyə gecikməmək üçün  həmin yerə bir dəfə gedib, dəqiq ünvanı tanıyasınız. Heç bir halda müsahibəyə gecikməyin. Müsahibə yerinə təyin edilən vaxtdan öncə gəlin, çünki müsahibəyə gecikməyiniz bütün hazırlığınızı alt-üst edəcək və sizin uğur ehtimalınızı sıfıra endirəcək.

  Müraciət etdiyiniz vəzifəyə uyğun geyinməyə çalışın. Məsələn, idmanla əlaqəli hər hansı işlə bağlı müraciət etmisinizsə idman üslubunda geyinin. Qalan hallarda isə klassik geyim tərzi sizin üstünlüyünüz olacaq. Əsasən qara, boz, göy v.s bu kimi çox da parlaq, qabarıq olmayan rənglərdən istifadə etməyə çalışın. Daha çox akssesuardan istifadə olunması bir o qədər də yaxşı qarşılanan hal deyil. Qol saatı hər zaman faydalı ola bilər. Bu detal sizin zamana nə qədər önəm verdiyinizin göstəricisidir. “Zaman puldur” ifadəsindən irəli gələrək, geyiminizə uyğun saatdan istifadə etməyiniz tövsiyə olunur.

   Müsahibədə rahat olmağa çalışın. Rahatlıq özünə inamın göstəricisidir. Təbii ki, həddən artıq rahatlıq arzu olunan hal deyil,  bu əlamət sizin təkəbbürlü olmağınız kimi qiymətləndirilə bilər. Sizin müraciət etdiyiniz işə həqiqətən çox ehtiyacınız ola bilər, ən pis ehtimalda işə qəbul edilməyəcəyinizi fikirləşin. Bu fikir  müsahibə zamanı həyəcanınızı nəzarətdə saxlamağa kömək olacaq.

  Əksər hallarda müsahibə üzvlərindən biri və ya bir neçəsi sizin emosiyalarınızı hansı dərəcədə idarə edə biləcəyinizi, misal üçün aqressivliyinizi yoxlamaq məqsədilə müsahibə vaxtı normal qəbul edilməyən sullar verə bilər. Əgər işə qəbul olunmaq istəyirsinizsə, bu sualların hansı məqsədlə ünvanlandığını dərk edin və cavabınızı  da ona görə verin.   Bu yanaşma sizin gözlənilməz vəziyyətlərdə davranış tərzinizi ölçmək məqsədilə edilir.

 Müsahibə zamanı veriləcək əsas suallara kreativ, ancaq eyni zamanda məntiqli cavablar fikirləşin. Əsas suallar bunlardır:

▪ Niyə bizim şirkət?

▪ Əvvəlki iş yerinizdən nəyə görə ayrılmısınız?

▪ Özünüzün müsbət və mənfi cəhətləriniz barədə danışın.

▪ Bizim şirkət niyə sizi seçməlidir?

 Günümüzün reallığında sizə sual verilmədiyi müddətcə işə qəbul edilməzdən öncə maaşın nə qədər olacağını soruşmaq işə götürən şirkət tərəfindən elə də yaxşı qarşılanmır. Əgər sizdən maaş gözləntiniz soruşularsa, minimum ehtiyaclarınızın qarşılanması üçün kifayət olan məbləği deyin. Unutmayın ki, əksər hallarda şirkətlərdə hər bir vəzifə üçün əvvəlcədən müəyyən olunan sabit əmək haqqı vardır. Təbii ki, fərdi yanaşma halları da mümkündür. Hansı dərəcədə diqqətli olub-olmadığınızı yoxlamaq məqsədilə müsahibə otağına gəldiyiniz vaxtadək şirkətin girişindəki əşyalarla bağlı sullar verilə bilər. Ona görə də getdiyiniz yerdə müəyyən şeylərə fikir verməyə çalışın.

Müsahibə zamanı nəyə diqqət yetirməli:

Rəsmi şəkildə danışmağa çalışın.

Müsahibə zamanı özünüzə inamınız olsun.

Dialoq zamanı İnsan resurları üzrə mütəxəssisin gözlərinə baxın. Qorxmaq və həyəcanmaq lazım deyil. Unutmayın, sizin inamlı cavablarınız İnsan resurları üzrə mütəxəssisə çox böyük təsir edə bilər.

Pozitiv olun. Unutmayın ki, pozitiv əhval-ruhiyyə də müsbət təsir bağışlaya bilər. Qəmgin ya robot kimi tam ciddi olmağınız müsahibənin nəticəsinə təsir edə bilər.

Suallara diqqətlə qulaq asın və sualı tam başa düşdüyünüz zaman cavablandırın. Hər sualı təkrar etmək barədə xahiş etməyin, çünki sizin qeyri-ciddi olduğunuz başa düşüləcək.

Hər suala maksimum 2-3 dəqiqə müddətində cavab verin.

“Özünüz haqqında danışın” sualına cavab olaraq öz avtobioqrafiyanızı danışmayın, çünki bütün əsas məqamlar artıq sizin CV-inizdə göstərilib. İşlədiyiniz müəssisələrdə  qazandığınız bir mükafatı, yaxud önəmli uğurunuzu hekayə kimi danışın.

İşəgötürənin cavabından asılı olmayaraq müsahibənin sonunda qarşı tərəfə sizə bu imkanı yaratdığı üçün təşəkkürünüzü bildirin.

Bir məqamı da qeyd etmək istəyirəm ki, son dövrlərdə namizəd bütün mərhələlərdən uğurla keçdikdən sonra işə götürən şirkətlər  onun facebook, habelə digər sosial hesabında etdiyi paylaşım və rəylərinin təhlilini də aparırlar. Odur ki, facebook, habelə digər sosial hesabınızda etdiyiniz paylaşım və rəylərinizi də nəzərdə saxlamağa çalışın.

İş yerinizi nəyə görə dəyişirsiniz? -  sualını verən müsahibəçinin əsas məqsədi sizin işinizdən ayrılma səbəblərini öyrənərək, sizin işçi kimi rəsminizi çizmək, üstünlüklərinizi anlamaq və gələcəkdə sizi işə götürdüyü  təqdirdə sizdən nə gözləmək lazım olacağını bilməkdir.  Bu suala cavab verərkən heç bir halda keçmiş və ya indiki  rəhbərlik, eləcə də iş yoldaşlarınız haqqında pis fikirlər söyləməyin. Bu hal kənardan  heç də yaxşı görünmür. Siz hər zaman daha yaxşı imkanlar əldə etmək üçün çalışırsınız. Əlavə olaraq bildirə bilərsiniz ki, “Mən əslində öz işimdən razıyam və dəyişməyi düşünmürdüm, Sizin təklif etdiyiniz iş mənim çoxdankı arzum olduğu üçün mən işimi dəyişmək barəsində düşünməyə başladım.”

Özünüzü 5-10 ildən sonra harada görürsünüz? -  sualını verməkdə əsas məqsəd sizin karyera planlarınızı daha yaxşı anlamaq və təklif olunan bu vakansiyanın sizin əsas planlarınıza nə qədər uyğun olduğunu görməkdir. Sualı cavablandıran zaman tam detallara varmaq məcburiyyətində deyilsiniz, cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz sizin gələcək karyera planınızla məntiqi uyğunluq təşkil etsin.   Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə, sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır. Məsələn, bu şəxsin iki ildən sonra daha da böyük vəzifələrə getmək üçün iddialara sahib olması və ya bu vəzifədə uzun müddət qalacaq bir insanın axtarılması ola bilər.

Sizin güclü tərəfləriniz nələrdir? - sualı hər cür iş və müsahibə növündə vacib suallardandır. Bu zaman “bilmirəm”, “bunu məndən yox, ətrafdan soruşmaq lazımdır” kimi cavablardan qaçın. Bu sualı verən şəxs sizin özünüzü nə qədər yaxşı tanıdığınızı bilmək istəyir.

    Bütün sualları qısa və  məntiqli  cavablandırın. Suallara cavab verərkən siz özünüzün deyil, qarşı tərəfin nə eşitmək istədiyini nəzərə alın. Bunu necə müəyyən etmək olar? Nümunə olaraq  “nəyə görə bizimlə işləmək istəyirsiniz?” sualına “iş tapmaq, pul qazanmaq, inkişaf etmək istəyirəm” kimi cavabların əvəzinə, “daha çox mənim üçün öz sahəsində lider olan müəssisədə işləmək, onların təcrübəsini qazanmaq çox əhəmiyyətlidir” cavabını verə bilərsiniz.

Fins.az

 

Yeni Xəbərlər