“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti törəmə müəssisəsi olan “Azəripək” MMC-nin inkişaf strategiyasının formalaşması üzrə işlər aparılır.
Müəssisənin strategiyası mövcud biznes proseslərinin təhlili, bazar tendensiyalarının öyrənilməsi, investisiya imkanlarının araşdırılması və digər təhlillər aparılmaqla hazırlanacaqdır. Müəssisənin gələcək ambisiya, prioritet və hədəflərinin müəyyənləşdirilməsi, eləcə də rəqabət qabiliyyətliliyinin, maliyyə dayanıqlılığının, kommersiya və əməliyyat effektivliyinin artırlmasının təmin olunması yolları strategiyanın əsasını təşkil edəcəkdir. Həmçinin, hazırlanacaq strategiya sayəsində ipək sektorunun daha da inkişaf etdirilməsi, yüksək tələbat olan məhsulların müəyyən edilməsi və istehsalı, o cümlədən Avropa və Asiyanın potensial bazarlarına çıxmaq imkanı yaranacaqdır. Nəticədə müəssisənin qarşıya qoyulan hədəflərə uyğun olaraq uzunmüddətli perspektivdə davamlı inkişafının və fəaliyyətinin təmin edilməsinə nail olunacaqdır.
“Azəripək” MMC-nin strategiyasının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi, ipəkçilik və tekstil sahələri, xüsusilə də strategiyaların hazırlanması üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkətlər arasında açıq rəqabətin təmin olunması məqsədi ilə cari ilin dekabr ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən açıq tender elan olunub. Türkiyə, Hindistan, Kanada, Almaniya və Avropanın digər ölkələrindən olan beynəlxalq dərəcəli məsləhətçi şirkətlər tenderdə iştirak üçün artıq cəlb ediliblər. Türkiyə və Hindistandan olan məsləhətçi şirkətlərin cəlb edilməsinin xüsusi ilə mühim rolu vardır. Belə ki, bu ölkələr ipəkçilik sahəsini yüksək şəkildə inkişaf etdirməyə, dünyada ipəkçilik və tekstil sahələri üzrə ticarət mərkəzləri olaraq tanınmağa nail olublar. Həmçinin, ipəkçilik sahəsi qeyd edilən ölkələrdə məşğulluq səviyyəsi, iqtisadi inkişafın artırılması, insanların həyat keyfiyyətinin yaxşılaşdırılrması və beləliklə, sosial həyatın rifahı baxımından əhəmiyyətli məna kəsb edir. Bu səbəbdən həmin ölkələrdə fəaliyyət göstərən məsləhətçi şirkətlərin cəlb edilməsi sayəsində ipəkçilik sahəsində olan zəngin təcrübə və yeniliklərə yiyələnmək mümkün olacaqdır.
Bundan əlavə Amerika və Avropanın məsləhətçi şirkətlərinin strategiya hazırlanması üzrə onilliklər boyu davam edən coxşaxəli təcrübəsi, xüsusilə vacib problemlərin öhdəsindən gəlmək və qabaqcıl idarəetmə bacarığı, həmçinin sənayə üzrə dərin təcrübələrini nəzərə alaraq, layihəyə cəlb olunmaları məqsədəuyğun hesab edilir.
Nəzərə alsaq ki, hazırlanacaq strategiya yalnız “Azəripək” MMC üçün deyil, ümumilikdə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI”nın icrası baxımından böyük əhəmiyyətə malikdir, bu sahədə özünü təsdiq etmiş şirkətlərin tendərə cəlb olunması əsas məqamlardan biridir. Qeyd etmək lazımdır ki, hal-hazırda tender prosesi və sənədlərin qəbulu davam edir.