Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlətimizin başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.

Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb. Məhsuldarlıq isə 2019-cu ilə nisbətən 14 faiz artaraq 33,6 s/ha təşkil edib.

Müşavirədə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Vurğulanıb ki, cari ildə pambıq əkinlərinin vaxtında həyata keçirilməsi, texniki təminat ilə bağlı məsələlərin icra edilməsi və bütün istehsal prosesini əhatə edən dövr üzrə kompleks tədbirlər planı hazırlanıb.

Diqqətə çatdırılıb ki, pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq edilməlidir. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılmasının, mineral gübrələrdən düzgün istifadə olunmasının, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.

Tədbirdə 2021-ci ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər