“ASK Ayaqqabı Fabriki” MMC keçən il 104 min 739 cüt ayaqqabı istehsal edib

“Azərbaycan Sənaye Korporasiyası” Acıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan “ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb.

ASK-dan AZƏRTAC-a bildirilib ki, keçən il ölkə ərazisində COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimi dövründə fasiləsiz istehsal sahəsi olaraq fəaliyyət göstərən müəssisə ili uğurla başa vurub. 2019-cu illə müqayisədə ötən il müxtəlif təyinatlı ayaqqabıların istehsal və satış göstəriciləri yüksək olub. Belə ki, ötən il müəssisədə 104 min 739 cüt ayaqqabı istehsal edilib ki, bu da 2019-cu il üzrə əldə olunan göstəricilərdən 53 min 7 cüt çoxdur. Məhsul satışı üzrə rəqəmlərin dinamikasına gəlincə, 2019-cu ildə 60 min 652 cüt müxtəlif növ ayaqqabı satışı olduğu halda, keçən il bu rəqəm 107 min 363 cüt təşkil edib.

2020-ci ildə "ASK Ayaqqabı Fabriki" MMC-nin kollektivi xalqımızın Böyük Qələbə uğrunda apardığı haqq mübarizəsinə də öz töhfəsini verib. MMC-nin əməkdaşları qəhrəmanlıq salnaməsi yazan şanlı ordumuza maddi-mənəvi dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq əməkhaqlarını ianə ediblər.

Torpaqlarımızın bütövlüyü naminə aparılan döyüşlərdə “ASK Ayaqqabı Fabriki” MMC-nin əməkdaşı Heydərov Rafiq Rahim oğlu şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 29-da səfərbər olmuşdu.

AZƏRTAC

Yeni Xəbərlər