Ötən əsrin 70-80-ci illərində ölkədə pambıq istehsalında öndə gedən Bərdə əməkçiləri bu ənənəni davam etdirirlər. Məhsul istehsalına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanmağı hədəfləyən Bərdə pambıqçıları bu günədək tarlalardan 36 min 540,47 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 34,32 sentnerdir.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda 10 min 646,3 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 4636,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4310 hektarı “Azərpambıq ASK” MMC, 1700 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında aparılıb. Bərdəli "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edir, mühüm strateji məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar.
Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlət başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.