“Azərtütün ASK” MMC-nin emal məntəqələri bu il istehsalçılardan 14,7 min tondan çox yaş tütün qəbul edib

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi başa çatıb. Mövsüm ərzində cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 773,5 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 5 min 15,6 ton, Zaqatala rayonu üzrə 3 min 677,3 ton, Qax rayonu üzrə 3 min 67,4 ton, Balakən rayonu üzrə isə 3 min 13,2 ton yaşıl tütün kütləsi qəbul edib. İndiyədək bu rayonlardakı emal məntəqələrində 2 min 146 ton 586 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb. Nəzərə alsaq ki, hazırda emal məntəqələrində 124 kamerada yaş tütünün qurudulması prosesi hələlik davam edir, quru tütün istehsalının daha da artacağı gözlənilir.

Mütəllib Mustafayev qeyd edib ki, builki mövsümdə emal məntəqəsinə Qax rayonundan olan fermer Telman Şahmalıyev bölgə üzrə hamıdan çox yaşıl tütün kütləsi təhvil verib – 352,4 ton. Balakəndən İmran Cumayev mövsüm ərzində məntəqəyə 294,8 ton, Zaqatala rayonundan Vüqar Süleymanlı 207,8 ton, Şəkidən Mayıl Məmmədov isə 186 ton yaş tütün gətirib.

Qeyd edək ki, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər