Tərtərli pambıqçılar bu günədək 8856,36 ton məhsul toplayıblar

Tərtər rayonunda pambıq yığımı davam edir və indiyədək tarlalardan 8856,36 ton məhsul toplanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonunda 1200 hektarı “Azərpambıq” MMC, 1731 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 50 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 2981 hektar sahədə pambıq becərilib.

Sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin təmas xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması nəticəsində pambıq yığımını həyata keçirmək çətinləşmişdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən anlaşma bəyanatı imzalandıqdan sonra Tərtər rayonunun atəş xəttinə yaxın ərazilərində pambıq yığımına başlanılıb. Hər gün tarlalardan 500 hektardan artıq “ağ qızıl” toplanılır. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanıblar.

AZƏRTAC

Yeni Xəbərlər