“Azərtütün ASK” MMC-nin emal məntəqələrində indiyədək 2 min tona yaxın quru tütün istehsal olunub

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 489 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 4 min 940,8 ton, Zaqatala rayonu üzrə 3 min 542,3 ton, Balakən rayonu üzrə 3 min 10,5 ton, Qax rayonu üzrə isə 2 min 995,6 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 220 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 1984 ton 622 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Mütəllib Mustafayev qeyd edib ki, indiyədək emal məntəqəsinə Qax rayonundan olan fermer Telman Şahmalıyev bölgə üzrə hamıdan çox yaşıl tütün kütləsi təhvil verib – 325,4 ton. Balakəndən İmran Cumayev bu günədək məntəqəyə 294,8 ton, Zaqatala rayonundan Vüqar Süleymanlı 198,5 ton, Şəkidən Oruc Əhmədov isə 174,5 ton yaş tütün gətirib.

Qeyd edək ki, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

AZƏRTAC

Yeni Xəbərlər