“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin 3 ili tamam olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin 3 ili tamam oldu.

Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, onlarda qabaqcıl texnologiyaların tətbiqi üçün yenidənqurma işlərini aparmaq, müasir idarəçilik mexanizminin tətbiqi və istehsal potensialının gücləndirilməsinə nail olmaqdır. Fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Korporasiyanın fəaliyyət müddəti ərzində həllini tapmış məsələlərdən biri biznes proseslərin elektron idarəetmə sistemləri üzərindən aparılması üçün “1C-ERP” sisteminin və rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin tətbiq olunması, həmçinin Cəmiyyət və onun törəmə müəssisələrinin 2020-ci ildən etibarən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) keçid etməsidir. Belə ki, Cəmiyyət və onun törəmə müəssisələrinin 01 yanvar 2020-ci il tarixə açılış balansının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğunluğunun auditi keçirilib. Audit beynəlxalq səviyyədə tanınan audit şirkəti “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” və “Beynəlxalq Audit Standartları” əsasında keçirilib və açılış balansının auditinin nəticələrinə dair müsbət rəy verilib.

Hazırda, Cəmiyyət tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “Azəripək” MMC, “ASK Şüşə” MMC və digərlərini göstərmək olar.

Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. İllik istehsal gücü 54 min ton olan müəssisənin buraxdığı alüminium məhsulları Türkiyə, ABŞ, Rusiya, Yunanıstan və digər ölkələrə ixrac olunur. “Azəralüminium” MMC tərəfindən strateji inkişaf planı üzrə mühüm addımlar atılıb və ABŞ bazarında yeni şirkətlər ilə əməkdaşlıq yaradılaraq, həmin ölkəyə ixrac edilən məhsulların həcmi artırılıb. Bu məhsullar tikinti, nəqliyyat, qablaşdırma sahələrində, eləcə də mətbəx ləvazimatları, yol nişanları, avtomobil nömrə nişanı, falqa və s. istehsalında geniş tədbiq olunur.

Azərbaycan Respublikasında alüminium istehsalının daha da genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi, yeni satış bazarlarına cıxış, xərclərin optimallaşdırılması və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində “Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında ilkin müqavilə imzalanıb. Bu əməkdaşlıq nəticəsində üstün texnologiyalar əsasında alüminium məhsullarının istehsal edilməsinə imkan yaranacaq və bu da öz növbəsində daha geniş spektorlu əlavə dəyərli alüminium məhsullarının satışına səbəb olacaqdır.

Müəssisənin inkişaf strategiyası sırasında dünyada geniş tətbiqi olan və avtomobil, aviasiya, telekomunikasiya, həmçinin digər sahələrdə istifadə edilən isti yayma alüminium məhsullarının istehsalı əsas yerdədir. “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış ilkin müqavilədə bu hədəf də əksini tapıb. Qeyd edtmək lazımdır ki, şirkət isti yayma alüminium məhsullarının istehsalı üçün avadanlıq istehlalçıları sırasında dünya lideridir.

Ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirən “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC və “Azəripək” MMC-nin fəaliyyəti 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərir.

Korporasiyanın fəaliyyət dövrü ərzində pambıqçılıq sahəsində aqro-texnika baza xeyli dərəcədə gücləndirilib, pambığın əkilməsi, becərilməsi, aqrotexniki tədbirlərin optimal müddətdə təmin edilməsi və bu işlərin səmərəliliyinin daha da artırılması üçün müəssisə 965 ədəd ( pambıq yığan kombayn, traktor, yanacaq daşıyan çən və digər) yeni kənd təsərrüfatı texnika və aqreqatları ilə təmin edilib. Müəssisədə idarəetmənin təkmilləşdirilməsi, resursların planlaşdırılması və uçotun qurulması üçün İKT infrastrukturu yaradılıb, elektron sistem tətbiq edilib. Eyni zamanda fermerlərin elektron reyestri yaradılıb ki, hər il “Azərsky” peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqləri aparılır, pambıq əkilən sahələr naturada ölçülərək, xəritələşdirilir və illər üzrə vahid coğrafi məlumat bazası formalaşdırılır.

“Azərpambıq ASK” MMC-nin Ağcabədi pambıq emalı zavodunun istehsal gücünün artırılması və gündəlik emal gücünün 200 tona çatdırılması üçün yeni zavodun tikintisi həyata keçirilib, sınaqlar aparılıb və cari ildə istismara verilib. Emaldan alınan mahlıc və digər məhsulların keyfiyyətinin yüksəldilməsi üçün Ağcabədi, Beyləqan, Biləsuvar və Saatlı pambıq istehsalı və emalı zavodlarına təbii qaz xətləri çəkilib və texnoloji proses nisbətən təkmilləşdirilib, zavod və məntəqələrdə infrastrukturun yaxşılaşdırılması, zəruri istehsalat vasitələri ilə təchizat, o cümlədən taya yerlərinin təmir-bərpa işləri təmin edilib, Tərtər məntəqəsinin yeni inzibati binası istifadəyə verilib.

Son 3 il ərzində “Azərpambıq ASK” MMC tərəfindən 29 min ha sahədə pambıq əkini aparılıb. Məhsuldarlıq 1,5 dəfə artırılıb. Belə ki, 2018-ci ildə orta məhsuldarlıq 19,5 sentner olduğu halda, 2019-cu ildə 28 sentnerə çatdırılıb. Xam pambıq tədarükü 2018-ci ildə 56 min 566 ton, 2019-cu ildə isə 80 min 542 ton olub.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2018-ci ildə Balakən rayonunda tutumu 9 ton olmaqla İtaliya texnologiyaları əsasında 60 ədəd müasir qurutma kamerası olan müasir Tütün istehsalı və emalı kompleksi yaradılıb. 2019-cu ildə isə Şəki rayon tütünqurutma kompleksinin genişləndirilməsi və “Azərtütün ASK” MMC-nin emal potensialının gücləndirilməsi məqsədi ilə məntəqədə əlavə 30 ədəd müasir odla qurutma kameraları quraşdırılmış, anbar binası, köməkçi binalar, çeşidləmə zonası, altıaçıqlar inşa edilərək yeni məntəqənin yaradılması təmin edilib. Ümumilikdə, bu gün “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, texnoloji avadanlıqlar, aqrotexnika parkı, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün İstehsalı və Emalı Məntəqəsi vardır, Zaqatala rayonunda isə bir Tütün Emalı Zavodu fəaliyyət göstərir. “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri vardır, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir. Müəssisə ölkədə tütün istehsalının həcmi, tütünün emalı və fermerlərin dəstəklənməsi sahəsində ən aparıcı rola malikdir.

“Azəripək” MMC-də zəruri tədarük və emal imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülüb. Belə ki, 2 ədəd yeni barama boğan avadanlıqları, eləcə də 1 ədəd buxar qazanı alınaraq, quraşdırılıb və istismara verilib.

İstehsal müəssisəsinin modernləşdirilməsi, istehsal gücünün artırılması, habelə istehsalın optimallaşdırılması və rəqabətə davamlı məhsul istehsalına nail olmaq məqsədilə müvafiq strategiya və fəaliyyət planının hazırlanması çərçivəsində “ASK Şüşə” MMC-də birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. Nəticədə müəssisənin istehsal gücü ildə 80-85 milyon şüşə tara həcmində artırılıb və istehsal olunmuş hazır məhsulun həcmi 2019-cu ildə 37.850.000 ədəd olduğu halda, cari ilin 10 ayında iki xətt üzrə 55.710.000 ədəd şüşə tara təşkil edib və 2020-ci ilin sonunadək 66.000.000 ədəd olması gözlənilir.

İxrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa imza ataraq, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb. Müəssisə cari il üçün həmin şirkətə 1 milyon 600 min ədəd şüşə tara ixrac edib Hazırda müəssisə tərəfindən keyfiyyətin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında texniki nəzarətin daha da təkmilləşdirilməsi məqsədilə Almaniyadan keyfiyyətə nəzarət aparatı alınıb ki, bu da daha böyük həcmli şüşə tara istehsalına imkan yaradacaqdır.

Bazar iqtisadiyyatında dəyişən mühitin tələblərinə çevik reaksiya verilməsi əsas şərtdir. Güclənən rəqabət şəraitində istehsal olunan məhsulların təkcə həcm göstəricilərinə deyil, həm də keyfiyyət göstəricilərinə diqqət yetirmək, onların çeşidini genişləndirmək, alıcıların tələbatını öyrənmək məqsədilə, innovasiyaların tətbiqi, startapların dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə Korporasiyada işlər aparılır.

Ümumilikdə, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir.

Bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı müzəffər ordumuzla birgə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apararaq, tariximizin şanlı səhifəsini yazır. Hər bir azərbaycanlı Vətən üçün vətən daşı olmaqdan şərəf duyur. “Azərbaycan Sənaye Korporasiyası” ASC yaranmasının üçüncü ilində ölkə rəhbərliyi tərəfindən göstərilən etimad və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələrək, ölkəmizə var qüvvəsi ilə xidmət edəcək və işğaldan azad olunmuş torpaqlarımızın inkişafı, tərəqqisi naminə əzmlə fəaliyyətini davam etdirəcəkdir !

Trend

Yeni Xəbərlər