“ASK Şüşə” MMC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Torpaqlarımızın erməni işğalından azad olunması, Vətənimizin bütövlüyü uğrunda döyüşən qəhrəman ordumuza maddi və mənəvi dəstək göstərmək hər bir vətəndaşımızın mənəvi borcudur. Ordumuza, cəbhədə, Qarabağda tarix yazan mərd oğullarımıza dəstək olmaq bizim üçün qürurdur, böyük şərəfdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-nin kollektivinin ümumi iclasında səslənib. Bildirilib ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ordumuzun inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə formalaşıb.

İclasda qürurla qeyd edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən yeni tarixinin daha bir şanlı səhifəsi yazılır. Azərbaycan Ordusunun öz müqəddəs missiyasını uğurla başa çatdıracağına və yaxın zamanda Vətənimizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik bildirilib.

Qeyd edilib ki, rəşadətli ordumuzun əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda “ASK Şüşə” MMC-nin kollektivi Böyük Qələbə anını yaxınlaşdırmaq üçün yüksək əzmlə çalışır, işçilərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna əməkhaqlarından, ümumilikdə, 5 min 308 manat məbləğində ianə ediblər.

Müəssisə əməkdaşlarının bu nəcib təşəbbüsünə MMC-də çalışan Rusiya, Qazaxıstan, Ukrayna və Moldova vətəndaşları da böyük həvəslə qoşulublar.

AZƏRTAC

Yeni Xəbərlər