Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində çalışan və ehtiyatda olan hərbi vəzifəlilər tərəfindən də böyük ruh yüksəkliyi, qürur hissi ilə qarşılanıb.
ASC-dən Trend-ə verilən məlumata görə, sərəncama uyğun olaraq, Korporasiya və onun törəmə müəssisələrindən 111 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıblar.
Torpaqlarımızın azad olunması uğrunda apardığımız bu haqq mübarizəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC kollektivinin bütün heyəti vətəndaş borcu, yurd sevgisi və azərbaycanlı ruhu ilə xalqımızın, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və qürur mənbəyi olan ordumuzun hər zaman yanındadır!