Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün stimul yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5068,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 688,8 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Bir neçə gündür ki, Ağcabədi pambıqçıları məhsul yığımına başlayıblar. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb edilməsi nəzərdə tutulur. Artıq tarlalardan 70 ton məhsul yığılıb. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmağı, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.