“Azərtütün ASK” MMC-nin emal məntəqələri bu günədək istehsalçılardan 4 min tondan çox yaş tütün qəbul edib

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda MMC-yə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi mütəşəkkil davam edir. Bu günədək “Azərtütün ASK”-nın həmin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 4 min 102,6 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda cəmiyyətin Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Tütün qəbulu məntəqələrində, ümumilikdə 262 tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxt aparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 1643 ton, Balakən rayonu üzrə 1024,4 ton, Zaqatala rayonu üzrə 818,4 ton, Qax rayonu üzrə isə 616,7 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 190 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 399 ton 809 kiloqram quru tütün istehsal olunub.

Şöbə müdirinin sözlərinə görə, indiyədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermer Ruslan Məmmədov - 114,8 ton yaşıl tütün kütləsi təhvil verib. Şəkidən Oruc Əhmədov bu günədək məntəqəyə 72,3 ton, Zaqataladan Yunus Mustafayev 59,3 ton, Qax rayonundan Pənah Şirinov isə 54,7 ton, yaş tütün gətirib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər