Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 361,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Təsərrüfatçılar indiyədək sahələrdən 1500 tondan çox yaş tütün yarpağı dərərək emal məntəqələrinə təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək “Azərtütün ASK” MMC-yə 900 ton, “Azəri Korporasiyası”na 601 ton yaş tütün, eyni zamanda, “İlham M” MMC-yə 3 ton quru tütün təhvil veriblər. Onun sözlərinə görə, bu il tütün əkini sahələrinin azalmasına baxmayaraq, indiyədək emal məntəqələrinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çox yaş tütün təhvil verilib. Məhsuldarlığın artması, ilk növbədə, münbit torpaqların tütün əkininə cəlb edilməsi, həmçinin aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi nəticəsində mümkün olub.