Sabirabadlı fermerin pambıq sahəsində yeni becərmə texnologiyasına baxış keçirilib

Sabirabadlı fermer Əfras Əsgərovun pambıq sahəsində yeni becərmə texnologiyasına baxış keçirilib. Çiyid səpininin qoşa cərgə əsasında aparılmasına əsaslanan texnologiyada bitkinin bioloji məhsuldarlığı təyin edilib və səmərəliliyi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, “Azərpambıq” ASK-nın baş direktoru Bəhruz Camalov və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları texnologiyanın digər rayonlarda da tətbiqini tövsiyə ediblər.

Təsərrüfat sahibinin sözlərinə görə, ötən il Çin texnologiyası ilə əkilən sahədə olduqdan sonra belə qənaətə gəlib ki, qoşa cərgə üsulundan yararlansın. Bu üsulla aparılan əkində hektar payına düşən pambıq kolunun sayı iki dəfə çox olur. Görülən iş sayəsində isə məhsuldarlıq artır. Bu məqsədlə səpin aqreqatında dəyişiklik etməyi qərara alan fermer bir neçə əlavə etməklə Çin texnologiyası ilə səpin aparacaq aqreqat ərsəyə gətirib. Bu aqreqat digərlərindən fərqli olaraq səpini qoşa cərgə ilə aparır.

“Qoşa cərgə üsulu ilə əkin aparılan sahədə hər hektarda bitki sayı çox olur ki, bu da məhsuldarlığın xeyli yüksəlməsinə imkan verir. Yaxın günlərdə sahədə suvarma da aparılacaq. Məhsuldarlığın 50 sentner olacağını düşünürəm”, - deyə fermer bildirib.

Pambıq sahəsi ilə tanışlıq zamanı mütəxəssislər bir sıra tövsiyələr verib, aqrotexniki qaydada qulluğun vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi məhsudlarlığın artırılması üçün belə yanaşmaların tətbiqini alqışlayır və sınaqdan keçirilmiş təcrübələr daha geniş tətbiq edilməlidir.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər