Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 529 ton 795 kiloqram yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, bu günədək tütün istehsalı və emalı məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 190 ton 910 kiloqram, Zaqatala rayonu üzrə 82 ton 570 kiloqram, Şəki rayonu üzrə 206 ton 830 kiloqram, Qax rayonu üzrə isə 49 ton 485 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 60 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, indiyədək emal məntəqələrində 15 ton 716 kiloqram quru tütün istehsal olunub.
Cəmiyyətin təmsilçisi bildirib ki, bu günədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ruslan Məmmədov - 22,8 ton və Ceyhun Mərdanov – 22,1 ton yaşıl tütün kütləsi təhvil veriblər. Şəkidən Yusif Cabbarov indiyədək məntəqəyə 19,2 ton, Qax rayonundan Namiq Fərhadov 12,4 ton, Zaqataladan Yunus Mustafayev isə 12,1 ton yaş tütün gətirib.