“Azərtütün ASK” MMC-nin emal məntəqələri bu günədək istehsalçılardan 200 tonadək yaş tütün qəbul edib

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda cəmiyyətə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin həmin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 199 ton 245 kiloqram yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda cəmiyyətin Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Tütün qəbulu məntəqələrində, ümumilikdə 262 tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxtaparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Şöbə müdirinin sözlərinə görə, bu günədək tütün istehsalı və emalı məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 96 ton 980 kiloqram, Şəki rayonu üzrə 64 ton 585 kiloqram, Zaqatala rayonu üzrə 29 ton 895 kiloqram, Qax rayonu üzrə isə 7 ton 785 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Tütün yığımı mövsümünün əvvəli olduğu üçün hələlik emal məntəqələrindəki 25 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, indiyədək emal məntəqələrində 1675 kiloqram quru tütün istehsal olunub.

Mütəllib Mustafayev bildirib ki, bu günədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ceyhun Məmmədov - 14,9 ton, İmran Cumayev - 9,9 ton və Ruslan Məmmədov - 8,1 ton yaşıl tütün kütləsi təhvil verib. Şəkidən Orxan Məmmədov və Vələmməd Həsrətovun hər biri indiyədək emal məntəqəsinə 7,2 ton, Zaqataladan Tərlan Hüseynov 4,5 ton, Qax rayonundan isə Pənah Şirinov isə 1,8 ton yaş tütün gətirib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər