Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanan Tərtər pambıqçıları bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3001 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunurlar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Bu isə 2020-ci təsərrüfat ilində də məhsuldarlığın yüksək olacağından xəbər verir.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda işlərin yüksək keyfiyyətlə aparıldığını bildirib: “Ötən təsərrüfat ili bizim üçün olduqca uğurlu oldu. 2017 hektar pambıq sahəsindən 7842 ton məhsul topladıq. Hər hektarın məhsuldarlığı 38,87 sentner oldu. Bu il 656 nəfər fermerlə 1731 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlamışıq. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılır. Sahələrin 676 hektarı suvarılıb, 1826 hektarda tor (hörümçək) gənəciyinə, 2454 hektarda mənənəyə, 618 hektarda alaq otlarına, 80 hektarda sovkaya qarşı dərmanlama tədbirləri həyata keçirilib. Tarlaların vəziyyəti qənaətbəxşdir. Əminəm ki, bu il də yüksək məhsuldarlığa nail olacağıq”.
Qaraağacı kənd sakini İlkin Qurbanov rayonun ən nümunəvi fermerlərindəndir. Dövlətimizin pambıqçılığa dəstəyi, eləcə də zəhmətkeşliyi, aqrotexniki qaydalara düzgün əməl edilməsi sayəsində yüksək nəticələrə nail olan gənc pambıqçı deyib: "Ötən il “Azərpambıq” MMC ilə müqavilə əsasında 46 hektar sahədə pambıq becərib, yüksək məhsuldarlığa nail oldum. Hər hektardan orta hesabla 52,8 sentner olmaqla, 240 tondan çox məhsul götürdük. Dövlət başçısı əməyimi yüksək qiymətləndirərək məni II dərəcəli “Əmək ordeni” ilə təltif etdi. Bu mükafatı zəhmətimə verilən ən yüksək qiymət kimi dəyərləndirirəm. Bu il pambıq tarlalarını genişləndirərək 70 hektara çatdırmışam. Məhsuldarlığı bir qədər də yüksəltməyə çalışacağam".
Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanıblar.